Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır

Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır
07.07.2026 19:50 Dünya

Türkiyənin paytaxtı Ankarada NATO liderlərinin sammiti işə başlayıb. İki gün davam edəcək toplantının əsas mövzularından biri Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və yeni yardım öhdəliklərinin açıqlanmasıdır.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, sammitdə NATO üzvlərinin 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində hərbi texnika, yardım və təlim dəstəyi ayıracağı elan ediləcək. Müttəfiqlərin 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyi davam etdirmək öhdəliyi götürəcəyi gözlənilir. ABŞ-nin bu maliyyələşmədə iştirak etməyəcəyi bildirilir.

Sammitdə NATO-ya üzv 32 ölkənin lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp iştirak edir. Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Antonio Koşta da NATO liderləri ilə keçiriləcək görüşlərə qatılacaqlar.

Liderlər müdafiə xərclərinin artırılması, Avropanın təhlükəsizliyi ilə bağlı məsuliyyətin daha çox Avropa ölkələrinin üzərinə götürülməsi və hərbi sənaye istehsalının genişləndirilməsini də müzakirə edəcəklər.

Bundan başqa, Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumu çərçivəsində on milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələrinin elan olunacağı gözlənilir.

Sammitin yekun bəyannaməsində İranın nüvə silahına sahib olmamalı olduğu vurğulanacaq, həmçinin Tehrana Hörmüz boğazında gəmiçilik azadlığına riayət etməsi çağırışı ediləcək.

Ev sahibi Türkiyə isə sammitdə müdafiə sənayesi sahəsində imkanlarını ön plana çıxarmağı, həmçinin ABŞ ilə müdafiə əməkdaşlığı, sanksiyaların ləğvi və F-35 proqramı ilə bağlı məsələləri gündəmə gətirməyi planlaşdırır.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər