Ankara Sammitində elə addım atılacaq ki…

Ankara Sammitində elə addım atılacaq ki…
07.07.2026 19:15 Dünya

NATO-nun Baş katibi Mark Rutte Ankara Sammiti ərəfəsində çıxış edərək bildirib ki, sammitdə əsas diqqət müttəfiqlərin ötən il Haaqada götürdükləri öhdəliklərin icrasına yönələcək. Onun sözlərinə görə, ölkələr daha güclü silahlı qüvvələrin formalaşdırılması, müdafiə sənayesinin inkişafı və Alyansın müdafiə qabiliyyətinin artırılması istiqamətində atdıqları addımları təqdim edəcəklər.

TodayPress TV xəbər verir ki, Mark Rutte Avropa ölkələrinin və Kanadanın 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq məqsədinə doğru irəlilədiklərini qeyd edib.

“Ankarada ölkələrin bu hədəfə çatmaq üçün konkret və real planlar təqdim edəcəyini gözləyirəm. İndiyədək gördüyümüz nəticələr isə ümidvericidir. On illik planın ilk ilində Avropa müttəfiqləri və Kanada artıq ÜDM-in təxminən 4 faizini müdafiə və təhlükəsizlik sahəsinə ayırırlar”, - deyə Baş katib bildirib.

Onun sözlərinə görə, sammit çərçivəsində müdafiə sahəsində on milyardlarla dollarlıq yeni müqavilələrin elan olunması planlaşdırılır.

“Bu müqavilələr müdafiə üçün zəruri olan texnikanın təmin edilməsinə xidmət edəcək. Eyni zamanda iqtisadi artıma, innovasiyaların inkişafına və Atlantikanın hər iki sahilində yüz minlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək”, - deyə Rutte vurğulayıb.

Baş katib bildirib ki, sammitdə Ukraynaya dəstək məsələsi də əsas gündəm mövzularından biri olacaq.

“Müttəfiqlər və NATO tərəfdaşları Ukraynanın ehtiyac duyduğu dəstəyi almağa davam etməsini təmin etməlidirlər. Bütün müttəfiqlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər ki, Ukraynaya dəstək davam etsin. Çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə sıx bağlıdır”, - deyə o əlavə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər