KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam
Azərbaycanın tanınmış ilahiyyatçısı və ictimai xadimi Hacı Şahin Həsənli yaşasaydı, bu gün 52 yaşını qeyd edəcəkdi.

7 iyul 1974-cü ildə Bakının Yasamal rayonunda, ziyalı ailəsində doğulan Şahin Həsənli cəmiyyətin sevgisini qazana bilmişdi. İqtisadçı ata və müəllim ananın övladı olan Şahin Həsənli əkiz qardaşı ilə birlikdə ailənin ən kiçik uşaqları olub. Onlar Yasamaldakı məşhur “müəllimlər binası”nda böyüyüblər.
1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olan Şahin Həsənli məktəb illərində çox şən və fəal olub, “Şən və hazırcavablar” (KVN) komandasında çıxış edib. Məşhur KVN-çi Bəhram Bağırzadənin bacısı ilə eyni sinifdə oxuduğu üçün bütün sinif yoldaşları ilə tez-tez onlara qonaq gedərmişlər. Həmin illərdən qalan maraqlı bir xatirəyə görə, bir dəfə məşqdə ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. Tam səhnəyə çıxan vaxt həmin müəllim qəfildən qapını açıb içəri girir. Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.
Onun gəncliyi problemsiz keçmir. Atasını cəmi 12 yaşında itirməsi ailədə maddi çətinliklər yaradır. O, çox kontrastlı bir mühitdə böyüdüyünü, hər təbəqədən əziz dostları olduğunu və uşaqlıq illərinin şirinliyinin bütün çətinlikləri unutdurduğunu deyirdi. Məktəbi bitirən kimi ailəsinə kömək etmək üçün indiki Hüsü Hacıyev küçəsində yerləşən elektrik avadanlıqları dükanda satıcı işləməyə başlayır. Bu iş onun üçün fərqli insanları tanımaq baxımından böyük həyat təcrübəsi olur. Yeniyetməlik illərində ölkədə başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır, bütün günü qəzet oxuyub sinifdə müzakirələr təşkil edir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olur. Təhsilini bitirib 1995–1997-ci illərdə hərbi xidmətə yollanır və birbaşa cəbhə bölgəsində xidmət edir.
Nümunəvi sovet ailəsində böyüməsinə baxmayaraq, xalq hərəkatı dalğası onda dinə qarşı böyük maraq oyadır. Hərbi xidmətdən qayıdandan sonra qonşuluqlarındakı bir çox gənc kimi o da namaz qılmağa başlayır. Öz xatirələrində ilk dəfə “şəhid” sözünü eşidəndə bunun onlara maraqlı gəldiyini və o vaxt dini biliklərinin olmadığını deyirdi. Tezliklə dostları ilə birgə həyətlərində kiçik bir ibadət evi açırlar. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün dostları məhz Şahini seçirlər. O dövrdə nə kitab, nə də internet olduğu üçün Şahin mütaliə etməyə şəhərdəki məscidlərdən birinə gedirmiş. Maddi durumları zəif olduğundan, hər gün Yasamaldan şəhərin mərkəzinə piyada gedib-gəlirmiş. Tədricən dini mütaliəsini artırır, 1992-ci ildən müstəqil şəkildə ərəb və fars dillərini öyrənir, fərdi dərslər alaraq ev kitabxanasını zənginləşdirir. Uşaqlıqdan tarixə böyük sevgisi olduğu üçün hərbi xidmətdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Həmin vaxt artıq dini sahədə fəaliyyət göstərsə də, texniki və humanitar təhsilin ona gələcək ictimai işlərində böyük üstünlüklər qazandırdığını bildirirdi. Azərbaycan, rus, ərəb və fars dillərini mükəmməl bilən Hacı Şahin geniş ədəbi biliyə malik idi; Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Mirzə Cəlil kimi klassikləri və müasir ədəbiyyatı dərindən mütaliə edirdi.

Onun bu fəallığı tezliklə ictimai işlərdə özünü göstərir. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edir, müxtəlif rayonlarda nümayəndəliklər açaraq gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini və vətənpərvərliyi təbliğ edir. 2001-ci ildən ömrünün sonuna qədər Bakıdakı "Məşədi Dadaş" məscidində imam-camaat və axund vəzifəsini icra edib. Onun xütbələri zamanı məscidə minlərlə insan axışır, yer çatmadığı üçün çoxları soyuq havada küçədə dayanıb onu dinləyirdi. O, dini mövzuları sosiologiya, psixologiya və fəlsəfə ilə sintez edərək danışırdı. Ömrünün son illərində "Mənəvi Dünya" İctimai Birliyinin sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi və QMİ Qazılar Şurasının üzvü olub. Uzun illər Həcc karvanına rəhbərlik edərək zəvvarlara xidmət göstərib. Hacı Şahin “Haradan başlamalı” (2020), “Yaradılışın hədəfi” (2021) və “Xoşbəxt ailə modeli” (2022) kitablarının müəllifidir.
Tanınmış şəxs olduğu üçün zaman-zaman onun haqqında müxtəlif əsassız şayiələr də gəzirdi. Bunlardan ən qəribəsi sosial şəbəkələrdə yayılan bir iddia idi; guya Hacı Şahin övladı olmayan bir qadının yoldaşına məsh çəkib və 10 aydan sonra həmin qadının uşağı olub. Hacı Şahin müsahibələrinin birində bu xurafata kəskin etiraz edərək demişdi: “Belə bir hadisə baş verməyib və baş verməsi də mümkün deyil. Kimlərsə bunu məqsədli şəkildə yayıblar. Qeyri-ciddi, reallığa söykənməyən bir şeydir. Mən bu kimi işlərlə məşğul olmuram. Müsəlman olan şəxs hər hansı çətinliklə bağlı dua edə bilər, amma övladı olmayan üçün xüsusi əməllə müdaxilə edilməsi yanlış və əsassızdır. Kimlərsə bunu məsxərəyə qoymaq üçün yayıb, mənim buna heç bir aidiyyatım yoxdur”.

Dinin qorxu yox, sevgi üzərində qurulduğunu deyən Hacı Şahindən "İnsan cənnət və cəhənnəmi bu dünyada yaşamırmı?" soruşanda belə cavab verirdi: "İnsan cənnət və cəhənnəmi bu dünyada yaşayır. Axirət bu dünyanın əslində pərdəarxasıdır. Biz axirətə köçdüyümüz zaman əbədi var olacağıq. Amma bu varlıq bizim dünyadakı mənəvi durumumuzun təzahürüdür".
Hacı Şahin Həsənli 2 mart 2023-cü ildə səhər saatlarında, 48 yaşında qəfil ürəktutmasından dünyasını dəyişdi. Onun dəfni böyük insan izdihamı ilə müşayiət olundu və o, Yasamal qəbiristanlığında dəfn edildi. Onun ölüm haqqındakı bu sözləri isə bu gün də xatırlanır: “Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Ancaq ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar”.
Qiymət Mahir