"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"
07.07.2026 13:34 Cəmiyyət

Azərbaycanın tanınmış milyonçularından və xeyriyyəçilərindən olan Yusif ağa Dadaşov XIX əsrin sonu – XX əsrin əvvəllərində əldə etdiyi sərvətin böyük hissəsini xalqın maariflənməsinə və milli-mədəni dəyərlərin qorunmasına sərf etmiş şəxsiyyətlərdən biri kimi xatırlanır.

TodayPress TV xəbər verir ki, onun maliyyə dəstəyi ilə Qori Müəllimlər Seminariyasının azərbaycanlı şöbəsi, "Qız məktəbi", Bakı–Batum neft kəməri və Bakı Dumasının binası kimi mühüm layihələrə töhfələr verildiyi bildirilir. 

Dadaşovun həmçinin Maksim Qorkinin, Dmitri Mendeleyevin və neft geoloqu İvan Qubkinin Bakıya səfərlərinin maliyyələşdirilməsində iştirak etdiyi qeyd olunur.

Xeyriyyəçi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına da xüsusi önəm verib. Onun təşəbbüsü ilə Bibiheybət məscidi bərpa olunub, həmçinin Buxara əmirinin Moskvada inşa etdirdiyi məscidə qiymətli xalılar və qırxçıraqlı qəndil hədiyyə edilib.

Mənbələrdə qeyd olunur ki, Yusif ağa Dadaşov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması prosesinə və milli hərəkatın inkişafına maddi dəstək göstərib. 1918-ci ilin Mart hadisələri zamanı isə silahlı dəstəsi ilə Bakıda azərbaycanlıların müdafiəsində iştirak edib.

Rəvayət edilən məşhur hadisəyə görə, silah gətirən gəmiləri qarşıladıqdan sonra daşnak dəstəsi ilə üz-üzə gələn Dadaşova təslim olmaq üçün qılıncın altından keçmək əmr edilir. O isə bu sözlərlə cavab verir:

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz".

Bildirilir ki, bu cavabdan sonra o işgəncələrlə qətlə yetirilib. Həmçinin qeyd olunur ki, Dadaşov düşməni ləngitməklə silahların əliyalın döyüşən azərbaycanlılara çatmasına şərait yaradıb. Onun məzarının bu günədək müəyyən edilmədiyi bildirilir.

Yusif ağa Dadaşov Azərbaycan tarixində yalnız varlı sahibkar kimi deyil, həm də xeyriyyəçi, vətənpərvər və milli dəyərlərə bağlı şəxsiyyət kimi xatırlanır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər