Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub
Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
Yarışa inamlı start verən Coşqun Əliyev ilk görüşündə 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.
İkinci görüşdə qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçumuz son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin yer aldığı mötəbər yarışda qızıl medal qazanaraq “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.