ABŞ Ukraynada hərbi kontingent yerləşdirməyəcək
Dünya
16.12.2025 11:21
ABŞ Ukrayna ilə mümkün sülh sazişi çərçivəsində öz hərbi qulluqçularını bu ölkənin ərazisində yerləşdirməyi planlaşdırmır.
TodayPress TV xəbər verir ki, “The Guardian” nəşri amerikalı rəsmi mənbələrə istinadən yazır ki, dekabrın 15-də Berlində keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ABŞ hakimiyyətinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müsbət qarşılayıblar.
Bununla belə, amerikalı rəsmilər təhlükəsizlik paketinin konkret nələri əhatə edəcəyi və sülh sazişindən sonra Rusiya hərbi əməliyyatları bərpa edərsə, Ukraynanı kimin müdafiə edəcəyi ilə bağlı detalları açıqlamaqdan imtina ediblər. Eyni zamanda, onlar ABŞ-nin Ukrayna ərazisində qoşun yerləşdirməyəcəyini təsdiqləyiblər.
Məqalədə qeyd olunur ki, Avropa liderləri artıq Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi məqsədilə “çoxmillətli qüvvələr” yaratmağa hazır olduqlarını bildiriblər. Bu qüvvələrin Avropanın rəhbərliyi altında və ABŞ-nin dəstəyi ilə formalaşdırılacağı, “istəklilər koalisiyası” çərçivəsində fəaliyyət göstərəcəyi vurğulanır. Gözlənilir ki, həmin qüvvələr Ukraynaya ordunun bərpasında, hava məkanına nəzarətin və dəniz təhlükəsizliyinin təmin olunmasında, eləcə də ölkə ərazisində müəyyən əməliyyatların həyata keçirilməsində yardım edəcəklər.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Hərbi,Kontingent,Todaypress.tv,
