ABŞ Çin şirkətinə İran neftinə görə sanksiya tətbiq etdi

Dünya

02.05.2026 02:35

ABŞ İran neftini idxal etdiyi üçün Çindəki dəniz terminalının operatoru olan şirkətə qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott məlumat verib.

Bildirilib ki, "Qindao Haiye Oil Terminal Co" şirkəti, eləcə də onun prezidentinə sanksiya tətbiq olunub.

ABŞ xarici siyasət idarəsinin iddiasına görə, sözügedən şirkət on milyonlarla barel sanksiya altındakı İran xam neftini idxal edib. Dövlət Departamenti hesab edir ki, bunun sayəsində Tehran milyardlarla dollar gəlir əldə edə bilib.

Bundan əlavə, məlumatda qeyd olunur ki, İran tankerlərinin kölgə donanmasının idarə olunmasında iştirak etdiyi iddia edilən iki gəmiçilik şirkətinə qarşı da məhdudlaşdırıcı tədbirlər görülüb. Söhbət Böyük Britaniyada mənzillənən "Thriving Times International Co" və Honkonqun "Onboard Ship Management Limited" firmalarından gedir.

Həmçinin "Thriving Times International Co" tərəfindən idarə olunan Panama bayraqlı "New Fusion" tankeri də "qara siyahı"ya daxil edilib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Çin,Sanksiya,İran,TodayPress TV,