Zahid Oruc: "Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır"
Azərbaycanda 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə fərdi hesab açmasının qadağan olunmasını, 16-18 yaş qrupu üçün isə valideyn razılığı mexanizminin tətbiqini nəzərdə tutan qanun layihəsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
TodayPress TV xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc məsələ ilə bağlı danışıb.
Onun sözlərinə görə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr göstərib ki, qanunvericilik təşəbbüsü inzibati qərardan daha çox, cəmiyyətin sosial sifarişindən doğan zərurətdir.
Deputat hesab edir ki, qanunun gələcəkdə effektiv işləməsini təmin edəcək əsas amil yalnız texniki nəzarət mexanizmləri və ya hüquqi sanksiyalar deyil, ilk növbədə geniş ictimai dəstəkdir:
"Bütün inqilablar kimi, kommunikasiya bumu da özü ilə bərabər, yeni çağırışlar gətirir. Hətta buxar maşınları yarananda da qatar nəqliyyatının təhlükələrini tənzimləmək üçün Britaniyada ilk qaydalar hazırlanmışdı və indi belə bir inam var ki, sənaye inqilabları bütün sferalarla yanaşı, birinci növbədə, hüquq sistemlərini irəliyə aparır, yeni qanunların qəbuluna səbəb olur. Bu baxımdan bir sıra dövlətlərin, xüsusilə Avstraliyanın sosial media platformalarına milli təhlükəsizlik və ictimai maraqlar prizmasından yanaşması diqqət çəkən nümunələrdəndir".
Parlamentari əlavə edib ki, Azərbaycanda gündəmə gətirilən qanun layihəsi uşaqların hüquqlarının qorunması ilə yanaşı, ailə institutunun təhlükəsizliyi və dayanıqlığının təmin olunmasına xidmət edir:
"Dövlət rəqəmsal məkanda uşaqların, onların timsalında əhalimizin mənafelərini nəzərə alaraq, problemə sistemli və hüquqi yanaşma ortaya qoydu. Azərbaycan nümunəsində ictimai gündəliyə çıxarılan yeni qanunvericilik təşəbbüsü uşaqların hüquqlarının qorunması istiqamətində müstəsna hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır." Həqiqətən də Vətən müharibəsində təsdiqini tapan müdrik və uzaqgörən baxış azərbaycanlı ailə institutunun təməllərini təşkil edir".
Zahid Oruc vurğulayıb ki, qanun layihəsi ətrafında aparılan müzakirələrdən sonra bəzi qrupların gözlənilən tənqidlərinin əksinə olaraq, təşəbbüs valideynlər, müəllimlər, psixoloqlar və vətəndaş cəmiyyəti tərəfindən geniş dəstək qazanıb.
O, həmçinin Azərbaycanda aparılan sosial araşdırmaların nəticələrinə də diqqət çəkib:
"Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89.4 faizi smartfon istifadəçisidir. Onların 76.3 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42.5 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Uşaqların 58.7 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67.3 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib".
Deputat qeyd edib ki, məhz buna görə dünyanın aparıcı dövlətləri məsələyə artıq təkcə texnologiya deyil, ictimai sağlamlıq, ailə siyasəti və milli təhlükəsizlik baxımından yanaşırlar.
Daha sonra o vurğulayıb ki, dünyanın ən iri texnologiya şirkətlərinin iqtisadi gücü bir çox dövlətlərin iqtisadi göstəricilərini üstələyir və bu səbəbdən dövlətlərin uşaqları qorumaq üçün hüquqi mexanizmlər yaratması zərurətə çevrilib:
""Meta"nın 1,5 trilyon dollarlıq bazar dəyəri onlarla dövlətin ÜDM-indən dəfələrlə böyükdür. Söhbət sadəcə texnologiyadan deyil, dünyanın ən güclü iqtisadi və informasiya mərkəzlərindən biri ilə münasibətlərin hüquqi çərçivəyə salınmasından gedir. Dövlətlərin uşaqları qorumaq üçün xüsusi qanunlar qəbul etməsinin əsas səbəblərindən biri də məhz budur.
Ulu Öndər həmçinin bildirirdi ki, "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir." Sosial şəbəkələrin nəzarətsiz təsiri nəticəsində zəifləyən ailədaxili ünsiyyət texnoloji məsələ kimi qəbul edilə bilməz, daha çox mənəvi məsələdir. Bəzən eyni evdə yaşayan ailə üzvləri bir-biri ilə danışmaq əvəzinə ekranlarla ünsiyyət qururlar".
Komitə sədri sosial media məhdudiyyətlərinin uşaqlarda aqressiya yaradacağı barədə səslənən fikirlərə də münasibət bildirib. O qeyd edib ki, müəyyən müddət ərzində narahatlıq və müqavimət halları müşahidə olunsa da, beynəlxalq təcrübə sonradan uşaqların emosional vəziyyətinin yaxşılaşdığını, yuxu rejiminin normallaşdığını, diqqət qabiliyyətinin və sosial münasibətlərinin gücləndiyini göstərir.
"Layihə hazırlanarkən Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrin təcrübəsi geniş şəkildə öyrənilib. Müxtəlif siyasi sistemlərə malik dövlətlərdə sosial media platformalarına yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində oxşar yanaşmaların gücləndiyi qeyd olunub. Azərbaycan da beynəlxalq təcrübədən yararlanaraq öz milli modelini formalaşdırır və bu sahədə regionun qabaqcıl ölkələrindən birinə çevrilmək potensialına malikdir. Avstraliya 16 yaşdan aşağı uşaqlar üçün sosial media məhdudiyyəti tətbiq edib. Fransa valideyn razılığı mexanizmini gücləndirib. İspaniya uşaqların onlayn təhlükəsizliyi sahəsində yeni hüquqi mexanizmlər yaradıb. Böyük Britaniya isə texnologiya şirkətlərinə uşaqların mənafeyini qorumaqla bağlı ciddi öhdəliklər qoyub".
Zahid Oruc hesab edir ki, təşəbbüsün əsas məqsədi qadağa tətbiq etmək deyil, uşaqların həyatını daha sağlam və faydalı məzmunla zənginləşdirməkdir. Deputatın fikrincə, bu istiqamətdə atılan addımlar təkcə bir qanun layihəsinin qəbulu deyil, gələcək nəsillərin daha sağlam, savadlı, vətənpərvər və müasir biliklərə malik formada yetişdirilməsinə xidmət edən strateji qərardır.
Türkan İsgəndərli