Yeni ildə uşaqlara hədiyyə alarkən nəyə diqqət etmək lazımdır?

Cəmiyyət

16.12.2025 13:39

Yeni ilə sayılı günlər qalıb və bayram ab-havası artıq hər yerdə hiss olunur. Alış-veriş mərkəzlərində, mağazalarda və küçələrdə yeni ilə aid atributlar, xüsusilə də uşaqların diqqətini çəkən hədiyyə qutuları vitrinləri bəzəyir. 

Bəs bu qutuları alarkən, nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov TodayPress TV-yə bildirib ki, yeni il hədiyyə qutuları seçilərkən, xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsullarda bir sıra mühüm məqamlar nəzərə alınmalıdır.


Onun sözlərinə görə, ilk növbədə qutunun üzərində olan etiket məlumatları diqqətlə yoxlanılmalıdır:

"Qutunun üzərində məhsulların tam tərkibi, istehsalçı, istehsal tarixi və son istifadə tarixi mütləq qeyd olunmalıdır. Etiketsiz və ya qeyri-müəyyən məlumatlı qutulardan uzaq durmaq lazımdır. Son istifadə tarixi bitməyə yaxın olan məhsullar risk yaradır. Hədiyyə qutularında olan şirniyyatların bir qismi xeyli əvvəl istehsal olunmuş ola bilər. Tarixi bitməyə yaxın məhsullar uşaqların sağlamlığı üçün təhlükə yarada bilər".

Ekspert qablaşdırmanın vəziyyətinin də mühüm göstərici olduğunu vurğulayıb:

"Qutu zədələnmiş, şişmiş və ya açılmış vəziyyətdədirsə, bu, məhsulun saxlanma şəraitinin pozulduğuna işarə edə bilər. Qutuların tərkibində olan maddələrə xüsusi diqqət yetirilməlidir. Rəngləndiricilər, süni dadvericilər, trans yağlar və yüksək miqdarda şəkər uşaqlar üçün arzuolunan deyil. Allergiyası olan uşaqlar üçün isə tərkibin diqqətlə yoxlanılması vacibdir.

Bundan əlavə, şirniyyatların saxlanma şəraiti də önəmlidir. Şokolad və digər məhsullar uyğun temperaturda saxlanmalıdır. Mağazalarda günəş şüaları altında və ya istilik mənbəyinə yaxın yerləşdirilən hədiyyə qutuları keyfiyyətini itirə bilər. Qutunun içində oyuncaq olduğu hallarda isə onun təhlükəsizliyi əsas şərtdir. Oyuncaqlar sertifikatlı, iti kənarsız və uşağın yaşına uyğun olmalıdır".

Fərid Səfərov valideynləri ucuz qiymətə aldanmamağa da çağıraraq qeyd edib ki, çox ucuz hədiyyə qutuları adətən keyfiyyətsiz və tərkibi zəif məhsullardan ibarət olur. Parlaq qablaşdırma hər zaman keyfiyyət demək deyil.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Səfərov,Qida eksperti,Yeni il,Hədiyyə,Todaypress.tv,