Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100

Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100
31.07.2026 15:28 Cəmiyyət

Zaman bəzi insanları sadəcə təqvim yarpaqlarında yaşadır, bəzilərini isə tarixin ən silinməz səhifələrinə, millətin yaddaş koduna həkk edir. Azərbaycan elminin, xüsusən də onun dövlət müstəqilliyinin bərpasının ilk çətin illərinin canlı şahidi və fəal iştirakçısı kimi mənim üçün bu günlər xüsusi bir tarixdir. Bu il Azərbaycanın dünya şöhrətli neftçi-alimi, görkəmli dövlət və ictimai xadimi, akademik Midhət Abbasovun anadan olmasının 100 illik yubileyidir. Mən Midhət müəllimi bir elm və ictimai-siyasi xadim kimi 1980-ci illərdən tanıyırdım, aramızda səmimi münasibətlər, dərin hörmətə əsaslanan bir bağ var idi. Amma əslində tanışlığımızın kökləri daha qədimə gedib çıxırdı; rəhmətlik atamla onlar hələ Bakının Zərgərpalan küçəsində yaşadığımız vaxtlardan bir-birlərini yaxından tanıyırdılar...  

Bir filoloq alim kimi bu böyük şəxsiyyət haqqında xatirələrimi bölüşmək, onun mənəvi ucalığından və yaratdığı nəhəng elmi məktəbin yetirmələrindən söz açmaq mənim üçün mənəvi borcdur. O, mənim yazılarımı, kitablarımı müntəzəm oxuyar, tez-tez zəng edib "çox gözəl yazılar yazırsan" deyərək öz dəyərli fikirlərini bildirərdi. Belə bir dünya miqyaslı alimin dilindən bu sözləri eşitmək mənim üçün ən böyük qiymət, onunla dostluq etmək isə həyatımın ən böyük mənəvi qazancı idi...

Ağır tale sınaqlarından elmin zirvəsinə...

Midhət müəllimin ailəsi Azərbaycanın tanınmış zadəgan nəslindən idi. Məhz bu mənşəyinə görə onun atası Teymur (Timur) Abbasov sovet repressiyaları dövründə günahsız yerə "vətən xaini" damğası ilə ittiham olunaraq güllələnmişdi. Stalinin yaratdığı repressiya sisteminin vurduğu bu ağır zərbələrə, taleyin amansız sınaqlarına baxmayaraq, Midhət Abbasov sınmadı. O, yalnız öz zəhməti, dərin biliyi və Allah vergisi olan istedadı sayəsində elmdə ən yüksək zirvələrə yüksəldi və ömrünün sonuna qədər Azərbaycan elminə sədaqətlə xidmət etdi.

1926-cı il iyulun 31-də Bakıda doğulan bu gəncin elmi taleyi tezliklə böyük karbohidrogen yataqlarının işlənilməsinin nəzəri əsaslarının formalaşdırılmasına bağlandı. O, neft sənayesində riyazi modelləşdirmənin və hidroqazodinamikanın ən mürəkkəb tənliklərini tətbiq edərək dünya neft elmində yeni bir epoxanın banisi oldu. Müəllifi olduğu 660-dan çox elmi əsər, 16 monoqrafiya bu gərgin əməyin göstəricisidir. Təsadüfi deyil ki, o, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1984-cü ildə isə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi...  

"Əsrin Müqaviləsi"nin elmi-siyasi bünövrəsindəki müəlliflik payı...

Akademik Midhət Abbasovun fəaliyyətinin ən parlaq səhifələrindən biri 1994-cü il sentyabrın 20-də imzalanan, müstəqil Azərbaycanın xilas sənədi sayılan "Əsrin Müqaviləsi"nin hazırlanması mərhələsinə təsadüf edir. Hələ 1991-1992-ci illərdə dövlət katibi vəzifəsində çalışarkən, o, Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun  təşəbbüsü ilə Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng karbohidrogen yataqlarının ("Azəri", "Çıraq", "Günəşli") birgə işlənilməsi üçün Qərb transmilli şirkətləri ilə aparılan ilkin danışıqların əsas strateqi olmuşdu...

Onun xidmətlərini konkret faktlarla belə qruplaşdıra bilərik:

Hüquqi və elmi model: 

Müqavilənin 400 səhifəlik fundamental mətni hazırlanarkən hasilatın pay bölgüsü mexanizminin Azərbaycanın milli maraqlarına uyğunlaşdırılmasının elmi-iqtisadi əsaslarını Midhət müəllim cızmışdı...

Geoloji risklərin qiymətləndirilməsi: 

Xarici investorların dənizin dərin qatlarında qazma işləri aparmaq tərəddüdlərini aradan qaldırmaq üçün şəxsən onun rəhbərliyi ilə layların mürəkkəb geodinamikası sahəsində hazırlanan unikal riyazi modellər xarici şirkətlərə (BP, Amoco və s.) təqdim edilmiş və onlarda tam əminlik yaradılmışdı...

Dövlət strategiyasına dəstək: 

Sonradan Heydər Əliyevin rəhbərliyi ilə yekunlaşan müqavilə prosesində akademik Midhət Abbasovun təqdim etdiyi elmi ekspertizalar milli neft strategiyamızın şah əsərinə çevrildi...


SSRİ-ni heyran qoyan institut və qlobal beynəlxalq layihələr..

Midhət Abbasovun uzun illər rəhbərlik etdiyi Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutu təkcə Azərbaycanın deyil, bütövlükdə nəhəng sovet imperiyasının baş elmi beyin mərkəzlərindən biri hesab olunurdu. Onun rəhbərliyi ilə həyata keçirilən SSRİ miqyaslı beynəlxalq proqramlar bu gün də dünya elminin müraciət etdiyi fundamental bazadır...

SSRİ EA Elmi Şurasına rəhbərlik: 

Midhət Abbasov 1982–1992-ci illərdə bütöv ittifaq miqyasında "Neft və qaz yataqlarının işlənilməsi problemləri" üzrə SSRİ EA Elmi Şurasına birbaşa rəhbərlik etmişdir...

Sibir və Volqa-Ural Layihələri: 

Onun rəhbərlik etdiyi institut Qərbi Sibirin, Tümenin, Volqa-Ural və Xəzəryanı ovalıqların ən mürəkkəb neft-qaz kondensat yataqlarının mənimsənilməsi layihələrinin riyazi modelləşdirilməsini Bakıdan idarə edirdi. SSRİ rəhbərliyi ən çıxılmaz lay şəraitlərində quyuların neftverimliliyinin artırılması texnologiyasını məhz Midhət Abbasovun Bakıdakı institutundan sifariş verirdi...

Beynəlxalq sərhədləri aşmaq: institut SSRİ-nin tərəfdaşlıq etdiyi xarici ölkələrdə (məsələn, Kuba, Vyetnam ("Vyetsovpetro" layihəsi), Əlcəzair və Hindistan) neft yataqlarının geoloji-kəşfiyyat proqramlarında baş ekspert qismində çıxış edirdi.

Böyük alimin tanınmış yetirmələri və Fərman Salmanova böyük dəstəyi...

Midhət Abbasovun ən böyük xidmətlərindən biri onun təkbaşına deyil, nəhəng bir elmi məktəblə birlikdə irəliləməsi idi. O, rəhbərlik etdiyi dövrdə 20-dən çox elmlər doktoru və 40-dan çox elmlər namizədi yetişdirmişdi. Onun elmi məktəbinin yetirmələri arasında bu gün Azərbaycan elmini və neft strategiyasını idarə edən mühüm simalar yer alır. Bu sıraya akademik Tofiq Əliyev, neft-qaz yataqlarının mexanikası və riyazi modelləşdirilməsi sahəsində tanınmış alimlərdən professor Xanlar Məmmədov və texnika elmləri doktoru, professor Məmməd Səmədov kimi simaları aid etmək olar. 

Onun tək respublika daxilində deyil, ümumittifaq miqyasında kadrlara verdiyi dəstək tarixi faktlarla sübut olunub. Keçmiş SSRİ-də tanınmış görkəmli neft-qaz geoloqu Fərman Salmanovun fəaliyyətinə verdiyi böyük dəstək buna bariz nümunədir. Əgər Midhət Abbasovun Moskva üçün yüksək tövsiyəsi və etimadı olmasaydı, Fərman Salmanovun SSRİ neft sənayesindəki sonrakı elmi yolunun bu qədər uğurlu olacağı sual altında qala bilərdi. Təsadüfi deyil ki, Fərman Salmanov Bakıya hər dəfə gələndə ilk görüşdüyü insanlardan biri məhz Midhət Abbasov olurdu. Bu fakt onların arasında olan böyük qarşılıqlı hörmət və mənəvi etimadın ən parlaq göstəricisi idi...  

Ustad akademikin yüksək mənəviyyatı...

Midhət müəllim geologiya elminin görkəmli nümayəndəsi, müxtəlif beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı, həm də yüksək mənəviyyata malik nadir insan idi...

Yadımdadır, bir dəfə Mahaçqala Universitetində keçirilən beynəlxalq konfransa dəvət almışdım. Həmin dövrdə Dağıstanda kriminal vəziyyət çox gərgin idi, hətta daxili işlər nazirinin müavini qətlə yetirilmişdi. Yaxınlarım təhlükəsizlik baxımından mənim ora getməyimə kəskin etiraz edirdilər.  Bu tərəddüdlü məqamda Midhət müəllim mənə qətiyyətlə dedi: "Tahir, get, amma özünü qoru. Həmin konfransda çıxış et. Və səndən bir xüsusi xahişim var: Mahaçqala Universitetinin qarşısında o təhsil ocağının ilk rektoru olmuş və mənə də elmi rəhbərlik etmiş azərbaycanlı alim Əbdül Əliyevin abidəsi var. Oraya Azərbaycan alimləri adından gül dəstəsi qoy..." 

Onun bu sözləri mənim üçün adi bir tövsiyədən daha çox, müqəddəs bir mənəvi tapşırıq və vəsiyyət idi. Mən də Dağıstana gedərək həmin tapşırığı böyük qürurla yerinə yetirdim.  Mahaçqala universitetinin rəhbər alimləri ilə birlikdə neft və qaz geologiyası sahəsində misilsiz xidmətləri olan dünya şöhrətli alim Əbdül Əliyevin heykəli önünə həinki gül dəstələri qoyduq. Üstəlik, onun ruhu xatirinə din xadimi dəvət edib Quran ayələri də oxutdurduq... Bakıya qayıdıb rəhmətliyə həmin tədbirlərin foto-şəkillərinə təqdim edəndə sevincdən gözləri yaşardı...

20 Yanvar sınağı və dövlət katibliyi...

Midhət Abbasovu sadəcə kabinet alimi hesab edənlər yanılırlar. O, Azərbaycanın ən fırtınalı dönəmində ölkənin taleyini müəyyən edən siyasi proseslərin mərkəzində dayanıb. 1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında 20 Yanvar faciəsinin səbəblərini araşdırmaq və təhqiqatını aparmaq üçün yaradılmış deputat-istintaq komissiyasının sədri məhz o idi. Onun rəhbərliyi ilə hazırlanan materiallarda faciənin və imperiya cinayətinin mahiyyəti ilk dəfə tam dolğun və cəsarətli şəkildə öz əksini tapdı. Təbii ki, bu fəaliyyətinə görə o, Moskva tərəfindən çox ciddi təzyiqlərlə üzləşirdi. Həmin çətin günlərdə mən də bir dost kimi onun yanında olmuşam və bacardığım qədər ona mənəvi dəstək verməyə çalışmışam... 

Daha sonra, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət Katibi və Prezident Şurasının üzvü vəzifələrində çalışarkən də o, özünün akademik nüfuzunu millətin mənafeyinə yönəltdi. Siyasi təhlillərimə dayanaraq deyə bilərəm ki, onun dövlət idarəçiliyindəki təmkinli, elmi mühitdən gələn analitik yanaşması o dövrün xaotik siyasi elitası üçün bir tarazlıq nöqtəsi idi...

Sönməyən işıq və yubiley düşüncələri...

Bu gün onun 100 illik yubileyi ərəfəsində arxaya baxanda görürük ki, akademik Midhət Abbasov cismən aramızda olmasa da (2012-ci ildə vəfat edib), onun qoyub getdiyi nəhəng elmi irs, kəşf etdiyi metodlar və yetişdirdiyi tanınmış yetirmələr bu gün müstəqil Azərbaycanı yaşadır...

Görkəmli akademikin, sadiq dostun və böyük Ustadın xatirəsi qarşısında baş əyir, onun 100 illik yubileyinin dövlət və elm səviyyəsində yüksək ehtiramla qeyd olunacağına ümid edirəm. Bu, bütövlükdə Azərbaycan ziyalılığına verilən dəyər olar. 

Ruhun şad olsun, böyük insan!..

Filoloq alim Tahir Cəfərli, xüsusi olaraq Moderator.az üçün. 

FOTOLAR

Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər