Səssiz təhlükə: “Ceyran peçi” can almağa davam edir
Cəmiyyət
03.02.2026 11:47
Son vaxtlar “Ceyran peçi”ndən zəhərlənmə halları yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev TodayPress TV-yə bildirib ki, risklərə baxmayaraq, hələ də bir çoxları “Ceyran peçi” və İran peçindən istifadə edir.

O, hesab edir ki, “Ceyran peçi”nə tələbatın qalmasının bir neçə səbəbi var:
“Əsasən isitmə xətti (kombi)olmayan ərazilərdə yaşayanlar, maddi imkanları məhdud olan ailələr və alternativ istilik mənbələrinə çıxışı olmayan şəxslər “Ceyran peçi”nə üstünlük verirlər. Bundan başqa, bəzi insanlar bunların təhlükəsini ya ciddiyə almır, ya da düzgün istifadə qaydalarını bilmirlər”.
Ekspert əlavə edib ki, zəhərlənmə hallarının çoxu havalandırmanın zəif olduğu qapalı məkanlarda baş verir:
““Ceyran peçi” işləyərkən karbonmonoksid qazı yaranır. Bu qaz rəngsiz və qoxusuz olduğu üçün insan tərəfindən hiss edilmir və qısa müddətdə ağır fəsadlara, hətta ölümlə nəticələnə bilər”.
Orxan Musayev vətəndaşlara əsas təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib:
“Sobalardan istifadə edilən otaq mütləq havalandırılmalıdır. Bu tip isidiciləri gecə yatarkən açıq saxlamaq qətiyyən olmaz. İmkan daxilində daha təhlükəsiz istilik vasitələrinə keçid edilməli, xüsusilə uşaqların və yaşlıların olduğu evlərdə risk minimuma endirilməlidir”, - deyə o, fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Orxan Musayev,Ekspert,Ceyran peçi,Təhlükə,Todaypress.tv,
