Paytaxt Xankəndiyə köçürülür? - Deputatdan mühüm açıqlama
Son dövrlərdə Azərbaycanın paytaxtının Bakıdan başqa bir şəhərə köçürülməsi ilə bağlı müxtəlif təkliflər və müzakirələr aparılır. Səsləndirilən variantlar arasında Xankəndinin yeni paytaxt olması ideyası da yer alır.
Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mövqeyini TodayPress TV-yə açıqlayıb.

Deputat bildirib ki, o, hələ Ağdamın yenidən qurulmasına başlanıldığı dövrdə bu şəhərin paytaxt kimi inşa edilə biləcəyini təklif edib:
"Vaxtilə Ağdam şəhəri yenidən tikilməyə başlayanda mən söyləmişdim ki, əgər Ağdam yenidən tikilirsə, onu elə paytaxt şəhəri kimi də inşa etmək olar və Bakıdan paytaxt köçürülər. Buna ehtiyac var. Birincisi Bakının yerləşdiyi mövqe elədir ki, bura vaxtilə katorqa yeri olub, qumsallıqdır, güclü küləklər var, daim tozludur şəhər. Burada neft tapıldıqdan sonra məskunlaşma baş verib. O baxımdan həm də təhlükəsizlik səbəbindən paytaxtın köçürülməsi doğru olardı".
Millət vəkilinin sözlərinə görə, hazırda Xankəndinin paytaxt olması ideyası da müzakirəyə çıxarılsa, bunu məqsədəuyğun hesab edər və dəstəkləyər:
"Amma Xankəndi də ola bilər. Hesab edirəm ki, bəlkə də Xankəndinin olması daha məqsədəuyğundur. Əgər belə bir ideya irəli sürülərsə, mən bunu, bu təşəbbüsü dəstəkləyirəm. Ola bilər ki, parlament Bakı şəhərində qalsın, amma Prezident Administrasiyası köçürülər ora – Xankəndinə".
Parlamentari hesab edir ki, dövlət qurumlarının bir hissəsinin Xankəndinə köçürülməsi həm bölgənin inkişafına, həm də Bakının yükünün azalmasına müsbət təsir göstərə bilər.
"Həm iqlim insan sağlamlığı və həyat üçün daha əlverişlidir. Bu həm də Bakı şəhərinin yüklənməsinin qarşısını alar, şəhər bir az boşalar, bir çox dövlət orqanı Xankəndinə köçər. Yəni kiçik bir paytaxt şəhəri kimi Xankəndinin yenidən qurulması daha məqsədəuyğun olardı. Belə bir ideya olsa, sözsüz ki, mən onu böyük məmnuniyyətlə dəstəkləyərəm", – deyə Qüdrət Həsənquliyev qeyd edib.
Türkan İsgəndərli