Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək?

Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək?
04.08.2026 14:20 Cəmiyyət

Avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta əməliyyatlara yeni məhdudiyyət tətbiq edilib. Yeni qaydalara əsasən, bir kart üzrə gün ərzində həm mədaxil, həm də kartdan-karta köçürmələrin sayı maksimum 5 əməliyyatla məhdudlaşdırılıb.

Yenilik xüsusilə sosial şəbəkələrdə xəstə və ehtiyac sahibi şəxslər üçün təşkil olunan yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, vətəndaşlar bu kampaniyalara əsasən kartdan-karta köçürmə yolu ilə dəstək göstərirdilər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, yeni qaydalar bu formada həyata keçirilən yardım kampaniyalarına birbaşa təsir göstərəcək.


Onun sözlərinə görə, yeni limit səbəbindən bir kartın gün ərzində qəbul edə biləcəyi köçürmələrin sayı məhdudlaşır:

"Bir karta gün ərzində cəmi beş dəfə ödəniş daxil ola bilər. Bu isə o deməkdir ki, kiminsə xəstəliyi, müalicəsi və ya digər xeyriyyə məqsədləri üçün insanların həmin karta kütləvi şəkildə vəsait köçürməsi əvvəlki qaydada mümkün olmayacaq".

Ekspert əlavə edib ki, bunun alternativ yolu mövcuddur. Belə hallarda bank hesabından istifadə edilməlidir:

"Bu, ümumiyyətlə mümkün olmadığı anlamına gəlmir. Sadəcə, həmin şəxsin adına bank hesabı açılmalıdır. Yardım etmək istəyən vətəndaş isə banka müraciət edərək öz bank hesabından köçürmə etməlidir. Köçürmənin təyinat hissəsində də vəsaitin hansı məqsədlə göndərildiyi göstərilməlidir. Yəni bu cür prosedur tətbiq olunmalıdır".

Mütəxəssis hesab edir ki, bu mexanizm hüquqi baxımdan mümkün olsa da, praktikada xeyriyyə kampaniyalarına mənfi təsir göstərə bilər. Çünki insanların böyük əksəriyyəti yardım etmək üçün ən rahat üsul kimi kartdan-karta ani köçürmədən istifadə edir.

"İnsan evində oturarkən sosial şəbəkədə ağır xəstə bir uşaq üçün yardım kampaniyası aparıldığını görür və imkanı çatdığı qədər vəsaiti bir neçə saniyə ərzində kartdan-karta köçürür. Lakin digər variantda o, banka getməli və əməliyyatı orada həyata keçirməlidir. Aydındır ki, bir çox hallarda insanlar buna vaxt sərf etmək istəməyəcəklər. Bu da yardım edənlərin sayına mənfi təsir göstərə bilər".

Əkrəm Həsənov vurğulayıb ki, bank hesabı vasitəsilə köçürmə etmək mümkündür. Lakin hər əməliyyat zamanı vəsaitin hansı məqsədlə göndərildiyi göstərilməlidir.

"Sadəcə, hər dəfə banka müraciət edərək köçürmənin məqsədini bildirməlisiniz. Bu isə əvvəlki kartdan-karta köçürmə üsulu qədər sadə və operativ deyil", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər