Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma

Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma
23.07.2026 13:10 Cəmiyyət

Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” ABŞ-nin Texas ştatında yerləşən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını başa çatdırıb.

TodayPress TV xəbər verir ki, şirkətin yaydığı məlumata görə, Hyuston şəhəri yaxınlığındakı Midland bölgəsində yerləşən və hazırda istismar olunan yataqların tərkibinə 200-dən çox aktiv neft quyusu daxildir.

Bununla yanaşı, “GL Group” həmin yataqların tam operatorluğunu da öz üzərinə götürüb. Bununla şirkət ABŞ-də fəaliyyət göstərən neft hasilatı aktivlərinin həm sahibi, həm də operatoru olan ilk Azərbaycan özəl şirkəti kimi tarixə düşüb.

ABŞ enerji bazarında yeni mərhələ

Satın alınan yataqlar ABŞ-nin ən iri neft-qaz regionu hesab edilən Perm hövzəsində yerləşir. Bu hövzə Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərqini əhatə edir və dünyanın ən məhsuldar quru neft-qaz yataqlarından biri sayılır.

2025-ci ildə burada gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub. Bu göstərici ABŞ-də ümumi neft hasilatının təxminən yarısını, dünya üzrə isə 8 faizdən çoxunu təşkil edib.

Eyni dövrdə hövzədə gündəlik 27,6 milyard kub fut təbii qaz hasil edilib ki, bu da ABŞ qaz hasilatının 23 faizinə bərabərdir.

Beynəlxalq genişlənmə strategiyası

Şirkət bildirir ki, Texasdakı sövdələşmə bir ildən artıq davam edən qiymətləndirmə və danışıqlar nəticəsində baş tutub. Bu, “GL Group”un 2024-cü ildə Türkiyənin Trakya hövzəsində qaz layihəsinə sərmayə qoymasından sonra beynəlxalq inkişaf strategiyasının növbəti mərhələsi hesab olunur.

Şirkətin Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib ki, ABŞ bazarına daxil olmaq “GL Group” üçün strateji əhəmiyyət daşıyır. “Bu, şirkətimiz üçün qürurverici andır. Dünyanın ən böyük və ən rəqabətli neft-qaz bazarında fəaliyyət göstərmək uzunmüddətli inkişaf strategiyamızın mühüm hissəsidir. ABŞ bazarına ilk, lakin çox vacib addımımızı atmışıq və fəaliyyətimizi genişləndirməyə davam edəcəyik”, – deyə o bildirib.

Azərbaycan şirkətinin portfeli genişlənir

Hazırda “GL Group” Azərbaycanda “Kürsəngi”, “Qarabağlı”, “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqlarında fəaliyyət göstərir.

Şirkətin tərkibinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” və neft-qaz sənayesinə texniki xidmət göstərən “GL Technical Services” daxildir.

2024-cü ildə şirkət Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını əldə etməklə Türkiyənin Trakya hövzəsindəki qaz layihəsinə daxil olmuşdu.

Yeni satınalma isə Azərbaycan özəl sektorunun beynəlxalq enerji bazarında mövqeyinin gücləndiyini göstərən ən mühüm addımlardan biri kimi qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər