Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar

Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar
13.07.2026 12:18 Təhlil

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı toxunduğu məsələ Azərbaycanın uzun illərdir üzərində işlədiyi layihənin real nəticəsini ortaya qoydu:

“Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq”.

Ölkəmiz xəritədəki yerini sadəcə coğrafi bəxt kimi qəbul etmədi. Sirr deyil ki, son 10-15 ildə görülən işlər coğrafiyanı qlobal güclərin ehtiyac duyduğu canlı tranzit xəttinə çevirdi. Təbii ki, bu səviyyəyə çatmaq asan olmadı, Azərbaycan ciddi maneələri aşmalı idi.

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə baxaq. O dövrdə erməni lobbisinin təsiri və bəzi Qərb dövlətlərinin təzyiqi ilə beynəlxalq banklar layihəyə pul verməkdən imtina etdilər. Xarici ekspertlər bu yolun heç vaxt işləməyəcəyini, pulların boşa gedəcəyini iddia edirdilər. Üstəlik, Qarabağ və ətraf rayonların işğal altında olması regionun ümumi təhlükəsizliyinə böyük kölgə salırdı. Lakin rəsmi Bakı maliyyə boykotlarına baxmayaraq geri çəkilmədi. Yardım gözləmədən layihəni öz daxili büdcəsi hesabına maliyyələşdirdi, hətta Gürcüstan hissəsinin tikintisi üçün kredit də ayırdı. Bu, böyük risklər daşıyan addım idi.

Azərbaycan təkcə Şərqlə Qərbi deyil, həm də Rusiya və İrandan keçən Şimal-Cənub xəttini birləşdirmək üçün böyük infrastruktur işlərinə başladı. Xəzər dənizində Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tikildi, ölkə daxilində minlərlə kilometr avtomobil və dəmir yolları yenidən quruldu. Zaman bu addımların nə qədər vaxtında atıldığını sübut etdi. Bu gün Ukraynadakı müharibə və Qırmızı dənizdəki gəmilərə hücumlar səbəbindən dünyanın ənənəvi ticarət yolları qapanıb və ya təhlükəli hala gəlib. Belə bir vəziyyətdə Azərbaycandan keçən Orta Dəhliz qlobal şirkətlər üçün ən etibarlı və qısa alternativ yoldur. İndi Çindən gələn konteyner qatarları cəmi 10-12 günə Bakı üzərindən Avropaya çatır. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələri də öz məhsullarını dünya bazarına məhz bu xətlə çıxarırlar.

Hazırkı vəziyyət göstərir ki, Azərbaycan böyük güclərin sanksiyalar və siyasi rəqabət davasına qoşulmadan, hər kəs üçün şəffaf və sabit keçid qapısı yarada bilib. Vətən müharibəsindən sonra azad edilən torpaqlarda – Füzuli, Zəngilan və Laçında tikilən yeni hava limanları, eləcə də çəkilən yeni yollar bu logistika şəbəkəsini daha da genişləndirir. On il əvvəl layihələrimizə şübhə ilə yanaşan dövlətlər, indi Bakının logistik imkanlarından birbaşa asılıdırlar. Azərbaycan öz coğrafi yerləşməsini neft və qazdan daha qalıcı, uzunmüddətli iqtisadi və siyasi gəlir mənbəyinə çevirməyi bacardı.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər