Uitkoff səfərdə: İsraildə nələr müzakirə olunacaq?

Təhlil

03.02.2026 20:25

“ABŞ Prezidenti Donald Tramp İranı zəiflətmək istəyir, amma dağıtmaq niyyətində deyil. İsrail isə İranı parçalamaq istəyir və bu mümkün deyil”. 

Politoloq Tofiq Abbasov bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailə səfərini TodayPress TV-yə şərh edərkən bildirib. 


Onun sözlərinə görə, İranla bağlı böhranda İsrailin rolu son dərəcə təhlükəlidir. O vurğulayıb ki, İsrail bu prosesdə təhrikçi mövqe tutur və ABŞ-nin gücündən sui-istifadə etməyə çalışır. 

Analitikin fikrincə, bu yanaşma İsrailin özü üçün də risklidir:  

“İsrailin İrana qarşı real hərbi üstünlüyü yoxdur. Aviasiyası və raket potensialı mövcuddur, amma İranın imkanları fonunda bu üstünlük həlledici deyil. İsrailin hazırda fəallaşdırdığı diplomatiya da təhlükəli xarakter daşıyır”. 

Siyasi şərhçi hesab edir ki, bu proseslər, həmçinin Azərbaycanın maraqlarına da uyğun deyil. Ölkənin cənub qonşusunun ərazisində müharibə təhlükəsinin artması region üçün ciddi risklər yaradır. O bildirib ki, məsələ qaçqın axını deyil, İranın bütün regionda destabilizasiyaya məcbur edilməsi ehtimalıdır və bu, Azərbaycana qətiyyən lazım deyil. 

T. Abbasov əlavə edib ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında aparılan danışıqlar da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. 

“Ağ Ev lideri də, həmçinin müharibədən çəkinir, çünki ABŞ-nin regiondakı hərbi bazaları İran raketlərinin hədəfindədir və bu, Vaşinqton üçün ciddi siyasi risklər yarada bilər”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılır. 

Danışıqlarda əsas müzakirə predmeti İrandakı vəziyyət olacaq. 

Aysel Mətləb

TodayPress TV

tag: Tofiq Abbasov,Uitkoff,ABŞ,İsrail,İran,Todaypress.tv,