Rusiya ordusu Kupyansk imtahanından kəsildi – 710 minlik ordu bəs etmədi
Təhlil
17.12.2025 17:43
Ukrayna qoşunları Rusiya bölmələrini Kupyanskdən geri ataraq şəhər ərazisinin təxminən 90 faizi üzərində nəzarəti ələ keçirib. Ukrayna mediasının yazdığına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.
Sırski Ukraynanın Müdafiəsi üzrə “Ramştayn” Təmas Qrupunun videokonfrans formatında keçirilən 32-ci iclasında iştirak edib. O, müttəfiqlərinə cəbhədəki mövcud vəziyyət barədə məlumat verərək Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarına dair konkret nümunələr təqdim edib.
“Aktiv axtarış-zərbə əməliyyatları sayəsində rus qüvvələrini Kupyanskdən geri atmağa və şəhər ərazisinin demək olar ki, 90 faizini nəzarətə götürməyə nail olduq”, – deyə Baş Komandan bildirib.
Aleksandr Sırski Rusiya qoşunlarının 17 aydan artıqdır ələ keçirməyə çalışdığı Pokrovsk sektoruna da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, Ukrayna bölmələri mövqeləri saxlayır və təşəbbüsü tədricən geri alır. Əks-hücum əməliyyatları nəticəsində Pokrovskun şimal hissəsində 16 kvadrat kilometr ərazi üzərində nəzarət bərpa olunub. Bundan əlavə, şəhərin qərbində yerləşən Qrişino, Kotlino və Udaçnoye kəndləri yaxınlığında 56 kvadrat kilometr ərazi geri alınıb.
Sırski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin təzyiqləri artsa da, Ukrayna ordusu Pokrovsk–Mirnoqrad aqlomerasiyasını müdafiə etməyə davam edir. Bununla yanaşı, cəbhədəki vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını vurğulayıb.
“Strateji hücum əməliyyatları aparmaq üçün Rusiya qüvvələrini təxminən 710 min nəfərə çatdırıb. Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu hücumları davam etdirir, lakin ciddi əməliyyat uğuru əldə edə bilmir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib.
Kupyansk şəhəri Xarkov vilayətinin əsas logistika və dəmir yolu qovşaqlarından biridir. Şəhərin Ukraynanın nəzarətində qalması Rusiya qoşunlarının Xarkov istiqamətində hərəkətini ciddi şəkildə çətinləşdirir. Eyni zamanda bu amil Ukrayna ordusuna şimal-şərq cəbhəsində daha çevik və uğurlu manevr imkanları yaradır.
Şəhər ərazisinin 90 faizinin Ukraynanın nəzarətində olması faktı Rusiya tərəfindən qəbul edilməsə də, mövcud vəziyyət Kupyanskın böyük hissəsinin Ukrayna ordusunun əlində olduğunu göstərir. Bu isə Rusiya ordusunda ciddi psixoloji gərginlik yarada bilər. Eyni zamanda fakt onu da göstərir ki, Kupyansk uğrunda döyüşlər hələ tam başa çatmayıb.
Hazırda Rusiya Kupyansk istiqamətində əsasən nizami bölmələr deyil, daha çox xırda və mobil qruplar vasitəsilə təzyiq göstərir. Bu qruplar mühasirəyə düşmə riskinin az olması və itkilərin minimuma endirilməsi baxımından daha çevik hesab olunur. Paralel olaraq Rusiya ordusu dron hücumları ilə diversiya qruplarına hava dəstəyi verir.
Ukraynanın Kupyanskda uğur qazanmasının əsas səbəblərindən biri isə rəqibə qarşı “güzgü taktikası”ndan istifadə etməsidir. Ukrayna kəşfiyyatı rusların kiçik mobil qruplarına qarşı eyni tipli kəşfiyyat-diversiya dəstələri çıxararaq onların vaxtında aşkarlanmasını və zərərsizləşdirilməsini təmin edir. Bu prosesdə dronlardan aktiv şəkildə istifadə olunur.
Rusiya ordusu Kupyansk üzərinə dəfələrlə hücum etsə də, şəhəri ələ keçirə bilmir. Eyni zamanda Rusiya qoşunları Pokrovsk istiqamətində də ciddi uğursuzluqlarla üzləşir. 17 aydan artıq davam edən hücumlara baxmayaraq, real nəticə əldə olunmayıb. Əksinə, Ukrayna bu müddət ərzində irəliləyərək Pokrovsk ətrafında xeyli ərazini azad edib ki, bu da Kiyevə şəhəri daha effektiv şəkildə müdafiə etmək üçün əlavə imkanlar yaradır.
Mövcud dinamika onu göstərir ki, müharibə 2026-cı ildə də davam edərsə, əsas döyüşlər məhz Kupyansk və Pokrovsk istiqamətlərində cəmləşəcək. Bu strateji əhəmiyyətli şəhərləri əlində saxlamaq üçün Ukraynanın Qərbin güclü və davamlı dəstəyinə ciddi ehtiyacı var.
Zeynal Əmrəliyev
Today Press TV üçün
tag: Rusiya,Ukrayna,Kupyansk,İfşa,Todaypress.tv,
