FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq”

FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq”
06.08.2026 10:19 İdman

FIFA dünya çempionatının hüquqlarının satışı planı ilə bağlı rəsmi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, FIFA dünya çempionatının kommersiya hüquqlarının satışına dair planlarla bağlı rəsmi bəyanat yayıb və layihənin dayandırıldığını təsdiqləyib.

Qurumun üzv assosiasiyalarına ünvanladığı məktubda bildirilib ki, təsdiqlənməsi nəzərdə tutulan təklif artıq gündəmdə deyil. 

FIFA qeyd edib ki, layihənin bağlanmasından sonra təşkilat öz nüfuzu, idarəetmə prinsipləri və prosedurlara əməl olunması ilə bağlı ittihamlara dözməyəcək və adını qorumaq üçün bütün zəruri addımları atacaq.

Bəyanatda vurğulanıb ki, proses zamanı müəyyən səhvlərə yol verilsə də, görülən bütün işlər FIFA-nın normativ-hüquqi bazasına tam uyğun şəkildə həyata keçirilib.

Qurum həmçinin bildirib ki, əldə olunan təcrübə nəzərə alınaraq daxili prosedurlar daha da təkmilləşdiriləcək. Bununla yanaşı, FIFA Forward proqramı çərçivəsində 211 üzv assosiasiya, konfederasiya və regional birlik üçün futbolun inkişafına dəstəyin yeni imkanları araşdırılacaq.

Məktub FIFA prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən imzalanıb.

Xatırladaq ki, ötən həftə FIFA-nın dünya çempionatının hüquqlarının satışı üçün FIFA Forward Enterprise (FFE) adlı yeni kommersiya qurumu yaratmağı planlaşdırdığı məlum olmuşdu. Lakin futbol konfederasiyalarının tənqidləri və UEFA üzvü olan ölkələrin mümkün boykot xəbərdarlıqlarından sonra İnfantino bu təşəbbüsdən imtina etmişdi. Daha sonra o, yaranmış vəziyyətlə əlaqədar FIFA Şurasının üzvlərindən yazılı şəkildə üzr istəyib və mediaya sızan məlumatlarla bağlı araşdırma aparılacağını açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər