Bir müəllim, yüzlərlə alim: Azad Mirzəcanzadənin müəllimlik mirası
Hər il 5 oktyabrda dünyada müəllimlərin əməyi qiymətləndirilir. Bu gün sadəcə peşə bayramı deyil, bilik, əmək və gələcək nəsillərə ötürülən dəyərlərin günüdür.
Azərbaycan elminin parlaq simalarından biri, akademik Azad Xəlil oğlu Mirzəcanzadə bu mənada unudulmaz nümunədir.
1928-ci ildə Bakıda anadan olan Azad Mirzəcanzadə hələ tələbə ikən, 1944-cü ildə 44 nömrəli məktəbdə müəllimlik etməyə başlayıb. O vaxtlar müharibə illəri idi, amma gənc Azad həm oxuyur, həm də dərs deyirdi. Sonralar Azərbaycan Dövlət Universitetində və Azərbaycan Neft Akademiyasında uzun illər kafedra müdiri işlədi. Ömrünün sonunadək tələbələrinə bilik verməkdən yorulmadı.
Onun elmi irsi böyükdür. Yüzlərlə məqalə, onlarla ixtira, neft-qaz sənayesinin mürəkkəb problemlərinə dair fundamental işlər bunlara aiddir. Amma ən böyük sərvəti yetişdirdiyi insanlardır. Rəhbərliyi altında 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb. Bu rəqəmlərin arxasında konkret talelər, laboratoriya saatları, gecə-gündüz davam edən söhbətlər dayanır.
Azad müəllim sadəcə dərs demirdi. O, tələbələrinə həyatı, məsuliyyəti, vətəni sevməyi öyrədirdi. Auditoriyada riyazi düsturlarla yanaşı, insanın yüksəliş və enişlərini də danışırdı. Deyirdi ki, həyat düz xətt üzrə getmir – enişlər də var, yoxuşlar da. Əsas odur ki, pik nöqtəyə çatanda özünü hazırlayasan.
Onun yazdığı kitablar da eyni ruhu daşıyır. Xüsusilə “İxtisasa giriş” kitabı tələbələr üçün əsl yol göstəricisidir. Bu vəsaitdə elmin müxtəlif sahələrinin bir-birinə bağlılığı, dəqiq və humanitar elmlərin qarşılıqlı əlaqəsi, gələcək peşə sahiblərinə praktiki məsləhətlər yer alır. Kitab yalnız neft ixtisası üçün deyil, bütün texniki ixtisaslar üzrə tələbələrə faydalıdır. Bundan başqa, “Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri”, “Fiziki proseslər mexanikası”, “Neft-qaz layının fizikası”, “Dəniz yataqlarının işlənməsi fraqmentləri” kimi fundamental monoqrafiyaları, eləcə də “Təhsilin humanistləşdirilməsi haqqında etüdlər” və “XXI əsrə gedən yol” kimi düşüncəyə səbəb olan əsərləri onun geniş dünyagörüşünü əks etdirir.
Bu gün Müəllimlər Günündə Azad Mirzəcanzadəni xatırlamaq təsadüfi deyil. Çünki o, elmi ilə yanaşı, pedaqoji missiyasını da ömrünün mənası bilirdi. Onun yetişdirdiyi nəsillər bu gün Azərbaycan elminin müxtəlif sahələrində çalışır və hər birinin yaddaşında müəllim kimi qalıb.
Müəllimlik peşəsi sadəcə bilik vermək deyil. Bu, insan yetişdirməkdir. Azad Mirzəcanzadə bu missiyanı layiqincə yerinə yetirdi.
Qeyd edək ki, 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən “Müəllimlərin statusuna dair Tövsiyə” sənədi qəbul edilib. Bu il həmin sənədin qəbul edilməsinin 60-cı ildönümü tamam olur.
Türkan İsgəndərli