190 ölkə Bakıda: Tarixdə ilk FIFA U-15 Çempionatı niyə məhz Azərbaycana həvalə olundu?
Azərbaycan
daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır.
Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 22–30
oktyabr tarixlərində Bakıda təşkil olunacaq.
TodayPressTV xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə həyata keçirilən
ardıcıl dövlət idman siyasətinin, müasir idman infrastrukturunun yaradılması və
beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin
növbəti göstəricisidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında
futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda
keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə
hazırlıq işləri genişmiqyaslı şəkildə davam etdirilir.
Yarışların
böyük hissəsinin keçiriləcəyi Hövsan Yarış Kompleksində hazırlıq işləri artıq
yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın qarşılaşmanın
yeni inşa edilən kompleksin 10 futbol meydançasında təşkili nəzərdə tutulur.
Çempionatda
FIFA-ya üzv assosiasiyaları təmsil edən dünyanın 190-a yaxın ölkəsindən 4 minə
yaxın gənc futbolçu, məşqçi və rəsminin iştirak etməsi gözlənilir.
Bir
neçə gün əvvəl FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində
Hövsan Yarış Kompleksinə baş çəkərək burada görülən hazırlıq işləri ilə tanış
olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, yaradılan infrastruktur, təhlükəsizlik
tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
Canni
İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı işləri və Azərbaycanın
turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Qeyd
edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu yalnız qarşıdakı dünya
çempionatına xidmət etməyəcək. Kompleks gələcəkdə Azərbaycanda uşaq və yeniyetmə
futbolunun inkişafı, gənc istedadların üzə çıxarılması və onların peşəkar
futbola hazırlanması baxımından mühüm rol oynayacaq.
Azərbaycanın
müasir idman infrastrukturu, təhlükəsiz və sabit mühiti, eləcə də beynəlxalq
yarışların keçirilməsi sahəsində qazandığı zəngin təcrübə belə irimiqyaslı tədbirlərin
yüksək səviyyədə təşkilinə imkan yaradır.
İlk
FIFA U-15 Dünya Çempionatı və Festivalının məhz Bakıda keçirilməsi Azərbaycanın
beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və
yeniyetmə futbolunun inkişafı, həmçinin gənc nəslin idmana marağının
artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq
ki, FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış oyunu və final
qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.
TodayPress TV