Politoloqdan xəbərdarlıq: “Meşə qanunları” dövrü BAŞLAYIR!

Təhlil

07.01.2026 17:41

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-yə 30–50 milyon barel sanksiya altında olan yüksək keyfiyyətli neft təhvil verəcək və bu neft bazar qiymətinə satılacaq.

ABŞ Prezidenti bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib. 


O qeyd edib ki, satışdan əldə olunan vəsaitlər onun ABŞ Prezidenti kimi nəzarətində olacaq və həm Venesuela xalqının, həm də ABŞ-nin xeyrinə istifadə ediləcək.

Bəs ABŞ Prezidentinin başqa bir ölkənin sanksiya altındakı neft gəlirlərinə “Prezident kimi nəzarət edəcəyini” açıqlaması beynəlxalq hüquq baxımından nə dərəcədə legitimdir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, ABŞ xüsusi təyinatlılarının gecə yarısı Venesuelada əməliyyat keçirərək ölkə Prezidentini və onun xanımını həbs edib Amerikaya aparması beynəlxalq hüquq anlayışının faktiki olaraq iflas etdiyini göstərən ən bariz nümunələrdən biridir.


Onun sözlərinə görə, bu hadisə beynəlxalq hüququn artıq real təsir mexanizmi olmadığını açıq şəkildə ortaya qoyur:

“Bu, təkcə Venesuela ilə bağlı məsələ deyil. Dörd il öncə Rusiyanın beynəlxalq hüququ kobud şəkildə tapdalayaraq Ukraynaya hərbi təcavüz etməsi də eyni məntiqin məhsuludur. Yəni artıq dünyada haqlının deyil, güclünün haqlı olduğu bir reallıq formalaşıb”.

Ekspert qeyd edib ki, bu cür hüquq pozuntularının nə demək olduğunu ən yaxşı anlayan xalqlardan biri məhz Azərbaycan xalqıdır:

“Otuz il ərzində BMT-nin qəbul etdiyi qərar və qətnamələr kağız üzərində qaldı, ATƏT isə münaqişəni uzatmaqdan başqa heç nə etmədi. Sonda məsələ yalnız Azərbaycan Prezidenti İlham Əliyevin dəmir iradəsi sayəsində həll olundu. Təəssüf ki, bu cür iradə və siyasi qətiyyət nümayiş etdirə bilən liderlər dünyada çox azdır”.

Fəqani Məhərrəmli vurğulayıb ki, məhz bu səbəbdən Venesuelada hazırda həbsdə olan Prezidentin taleyi gələcəkdə başqa ölkələrin də qarşılaşa biləcəyi ssenariyə çevrilə bilər:

“Nə qədər ki, xalqı ilə bütünləşmiş, yüksək siyasi zəkaya və yenilməz iradəyə malik liderlər olmayacaq, bu cür ssenarilər təkrarlanacaq”.

Politoloqun sözlərinə görə, hazırda Venesuelada baş verənlər bu ölkənin faktiki olaraq müstəqil qərarvermə imkanlarını itirdiyini göstərir:


“Artıq məlumdur ki, Venesuelada ABŞ neft şirkətləri fəaliyyət göstərəcək, ölkənin idarə olunmasında əsas söz sahibi Vaşinqton olacaq. Yeni təyin edilən Delsi Rodriges isə faktiki olaraq Vaşinqtondan gələn təlimatları icra edən fiqurdur. İlk təlimat da artıq yerinə yetirilib – Venesuela ABŞ-yə 50 milyon barel yüksək keyfiyyətli neft verəcək və ölkənin neft gəlirlərinə ABŞ nəzarət edəcək”.

Ekspert hesab edir ki, təkcə bu fakt Venesuelanın artıq müstəqil dövlət kimi çıxış etmədiyini deməyə əsas verir:

“Beynəlxalq hüququn və normaların iflas etdiyi bir dünyada bunun son olacağını düşünmək sadəlövhlük olardı. Sırada başqa ölkələr və coğrafiyalar da var. Hüququn işləmədiyi, qaydaların keçərli olmadığı yerdə “meşə qanunları” hakim olur”.

Qiymət Mahir

TodayPress TV

tag: Fəqani Məhərrəmli,Politoloq,Meşə qanunları,Tramp,Todaypress.tv,