Paşinyan seçkidə rəzil etdiyi Rusiyaya səfərə yollandı – Apardığı dosyelərlə Moskvanı necə susduracaq?
Nikol Paşinyan 7 iyun seçkilərində daxili rəqiblərini məğlub etdi, indi isə ən çətin imtahanı başlayır.
Ermənistanın Baş naziri 6 iyun tarixində işgüzar səfərlə Rusiyaya yollanıb. O, Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunacaq "Sənaye 360. Sərhədsiz istehsal" mövzusunda plenar iclasda iştirak edəcək, Rusiyanın baş naziri Mixail Mişustinlə görüşəcək.
Bəs Paşinyanın rusiyalı həmkarı ilə nəzərdə tutulan görüşü sadəcə növbəti protokol tədbiridirmi?
Bunu bu cür qiymətləndirmək sadəlövhlük olardı. Bu səfər daxildə mövqelərini möhkəmləndirən Paşinyanın Kremllə münasibətlərdəki kəşfiyyat böhranı və iqtisadi mühasirə şəraitində atdığı ilk məcburi addımdır.
Uzun müddətdir, Ermənistanın Qərbə meyllənməsi Rusiya ilə olan bağlarını gərir. Seçki ərəfəsində isə, daha maraqlı proseslərin şahidi olduq.
Araşdırmalar göstərir ki, Rusiya Moldovadakı geosiyasi uğursuzluqlardan sonra bütün diqqətini və resurslarını Ermənistana yönəldib. Moskvanın hədəfi Paşinyanın Qərbə tərəf boylanan "Mülki Müqavilə" partiyasını seçkilərdə çökdürmək idi.
Beynəlxalq media orqanlarında yayılan sənədlərdə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR), hərbi kəşfiyyat (QRU) və FSB zabitlərinin İrəvanda hansı tapşırıqları icra etdiyi, Kremldə Ermənistan masasına kimin kuratorluq etdiyi konkret adlarla göstərilir. İşin maliyyə və siyasi rıçaqı isə Rusiyadakı erməni oliqarxiyasına – Samvel Karapetyan və Qaqik Tsarukyan kimi fiqurlara həvalə olunmuşdu. Paşinyan faktiki olaraq daxildə Rusiyanın bu nəhəng kəşfiyyat və maliyyə şəbəkəsinə qarşı vuruşurdu.
Buna görə də Moskvanın Paşinyanın qələbəsinə reaksiyası diplomatik soyuqluqdan çox qisas ssenarisini xatırladır. Rusiya illərdir müttəfiqi olan ölkənin seçki nəticələrini hələ də rəsmən tanımayıb, 1 aya yaxındır, Paşinyana ənənəvi təbrik məktubu belə göndərilməyib.
Əksinə, dövlət mediasına seçkini Paşinyanın "məğlubiyyəti" kimi işıqlandırmaq təlimatı verilib, onun legitimliyi hər vəchlə şübhə altına alınır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın iyunun 26-da səsləndirdiyi "Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında konkret seçim etməlidir" ultimatumu isə Kremlin mövqeyini ortaya qoydu.
Bəs belə bir təzyiq fonunda Paşinyan niyə iyulun 1-də öz təşəbbüsü ilə Mişustinə zəng edib bu görüşün zəminini hazırladı?
Cavab Ermənistanın acı iqtisadi reallığında gizlidir. İrəvan siyasi bəyanatlarında nə qədər Vaşinqtona və ya Brüsselə sığınsa da, ölkənin damarları hələ də Moskvaya bağlıdır.
Ermənistanın dəmir yolları Rusiyanın "RJD" şirkətinin idarəçiliyindədir, enerji sistemi və kənd təsərrüfatı ixracı tamamilə Rusiyadan asılıdır. Paşinyan yaxşı anlayır ki, Qərblə təhlükəsizlik layihələri müzakirə edildiyi vaxtda, Moskva gömrük və logistika rıçaqları ilə Ermənistan iqtisadiyyatını bir neçə günün içində iflic edə bilər. Rusiya indi bu rıçaqları masaya qoyaraq İrəvana xatırladır ki, regionda açılacaq kommunikasiyalar yalnız Avrasiya İqtisadi İttifaqının qaydalarına tabe olmalıdır.
Yekaterinburq görüşü Paşinyan üçün daxildə qazandığı qələbədən sonra Kremlin daxili müdaxilə sürətini azaltmaq və mümkün iqtisadi blokadadan yayınmaq üçün edilən manevrdir. Moskva isə bu səfərlə Ermənistanın Baş nazirinə daxili siyasətdəki rıçaqlarını hələ itirmədiyini nümayiş etdirir, İrəvanın geosiyasi manevr imkanlarını daraltmağa çalışır.
Qiymət Mahir