Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri!
İyulun 2-də seçki ərəfəsində daim Nikol Paşinyanın yanında olan Ermənistan parlamentinin sədri Alen Simonyan vəzifəsindən istefa verdi.
Onun sözlərinə görə, parlamentin sədri vəzifəsində qalacağını düşünürdü, lakin idarə heyətinin və partiyanın qərarından narazı deyil. Həmçinin Simonyan Ermənistan prezidenti vəzifəsini tutacağı ilə bağlı yayılan xəbərləri də təkzib edib.
Bəs Simonyan niyə "vuruldu"?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Natiq Miri Simonyanın istefa məsələsinin daha çox qısamüddətli taktiki gedişə bənzədiyini deyib:

“Xatırlayın, Simonyanın ailəsi, xüsusilə də həyat yoldaşının qohumları ilə bağlı korrupsiya hadisələri kontekstində xoşagəlməz hadisələr baş vermişdi və iş Ermənistan İstintaq Komissiyasına qədər böyüdülmüşdü. Sonradan proses dayandırılmış olsa da, Ermənistan ictimai rəyinə təsirsiz ötüşmədi. Digər tərəfdən, Nikol Paşinyanın gözlədiyi dəstək tam anlamı ilə seçkilərin nəticəsində ortaya çıxmadı. Ona görə də təhlillər göstərir ki, Paşinyanın ən azı müəyyən korrektələr etməyə və öz komandası daxilində budamalara getməyə ehtiyacı var. Ermənistan ictimaiyyəti bunu görməli və hiss etməlidir, çünki bu, sadəcə Simonyanla bağlı məsələ deyil. Bu gün ən böyük seçici elektoratına malik olan İrəvan şəhərində də Nikol Paşinyan gözlədiyi səsləri ala bilmədi. Ona görə də İrəvan meriyasında çox ciddi dəyişikliklərin, təmizləmələrin olacağı da gözlənilir, ancaq Simonyanla bağlı məsələnin daha çox taktiki gediş olduğunu düşünürəm. Çünki Simonyan həm də Rusiyaya qarşı ən sərt mövqedə duran hakimiyyət nümayəndələrindən biri idi. Ona görə də Rusiya ilə münasibətləri düzəltmək xatirinə qısamüddətli bu cür taktiki gedişlərə əl atılması gözlənilən idi”.
Analitikin sözlərinə görə, bu, uzunmüddətli perspektivdə Simonyanın tamamilə siyasətdən uzaqlaşacağı və ya işsiz qalacağı anlamına gəlmir:
“Ola bilsin ki, yaxın gələcəkdə və ya perspektivdə Alen Simonyan strateji vəzifələrdən birinə təyin olunsun. Ancaq indiki vəziyyətdə Simonyan kimi böyük fiqurun sanki qurban verilmiş kimi göstərilməsi həm daxili auditoriyaya, həm də Rusiya ilə münasibətləri düzəltmək məqsədilə ortaya qoyula bilər. Daha çox belə düşünürəm. Çünki Simonyan nə Nikol Paşinyanın, nə də partiya rəhbərliyinin qərarından narazılıq edir. Partiyada qalmağa davam edir və siyasi fəaliyyətini də davam etdirəcək. Həmçinin bəyan edir ki, siyasi fəaliyyət göstərə biləcəyi əsas siyasi güc mərkəzi məhz indiki "Vətəndaş müqaviləsi" Partiyası və Nikol Paşinyandır”.
Natiq Miri düşünür ki, Simonyanın istefasını bunu partiya, komanda daxilində parçalanma elementi kimi qiymətləndirmək doğru olmaz.
Qiymət Mahir