“Pakistan Rusiya üçün prioritet ölkə deyil” — Putin Şahbaz Şərifi niyə gözlətdi?

Təhlil

16.12.2025 11:46

Dekabrın 12-də Aşqabadda keçirilən danışıqlar zamanı Pakistanın Baş naziri Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüş üçün təxminən 40 dəqiqə gözləyib. 


Məlumata görə, həmin vaxt Rusiya Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Japarovla görüş keçirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Ərdoğan Aşqabaddakı görüşdə çox həssas mövzuları müzakirə ediblər. Peskov bildirib ki, bu cür danışıqlarda vaxtın dəqiq tənzimlənməsi çətin olur və Türkmənistanda baş tutan görüş ümumilikdə təxminən 1,5 saat davam edib.

“Belə danışıqlarda adətən çox həssas mövzular müzakirə olunur və bu zaman vaxtı nəzarətdə saxlamaq olduqca çətindir”, – deyə Peskov qeyd edib. 

O əlavə edib ki, Putinin həmin gün Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüşü planlaşdırılıb və bu səbəbdən görüş qrafiki kifayət qədər sıx olub.

Bildirilir ki, daha sonra Şahbaz Şərif protokolda nəzərdə tutulmayan şəkildə Türkiyə, Rusiya və Qırğızıstan prezidentlərinin görüşünün keçirildiyi zala daxil olub. Pakistanın Baş naziri həmin görüşdə təxminən on dəqiqə qaldıqdan sonra zalı tərk edib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi Pakistan–Rusiya münasibətlərinin mahiyyəti və Aşqabadda yaşanan protokol hadisəsinin siyasi anlamı ilə bağlı fikirlərini bölüşüb.


Ekspertin sözlərinə görə, Pakistan Rusiya üçün prioritet ölkə deyil və Baş nazir Şahbaz Şərif də Putinin görmək istədiyi kriteriyalara sahib lider sayılmır:

“Şahbaz Şərif bir siyasi lider olaraq atdığı addımları gərək ölçüb-biçəydi. Çünki Aşqabadda baş verənlər protokol qaydalarına uyğun olmayan hərəkətlərdir və Pakistan kimi nüvə ölkəsinin liderinin belə çıxılmaz vəziyyətə düşməsi heç də Pakistan dövləti adına layiq sayıla bilməz”.

Ç.Şahbazi bildirib ki, iki ölkə arasında münasibətlər strateji deyil və daha çox situativ xarakter daşıyır:

“Pakistan və Rusiya arasında strateji tərəfdaşlıq yoxdur və iki ölkə arasındakı münasibətlər situativ xarakter daşıyır. Putin üçün Çin, Türkiyə, İran, körfəz ölkələri və postsovet məkanı prioritet təşkil edən istiqamətlərdir. Pakistan bu siyahıda ikinci və üçüncü dərəcəli mövqedə yer alır və bu səbəbdən Putinin motivasiyasını Şahbaz Şərif anlamalı idi. Burada həmçinin şəxsi keyfiyyətlərin də rol oynadığını desək, yanılmarıq”.

Politoloqun fikrincə, Pakistanın Hindistanla münasibətləri də bu kontekstdə mühüm rol oynayır:


“Pakistan Rusiyanın onilliklər boyu strateji tərəfdaşı olan Hindistanla düşmənçilik edir və Putinin bu davranışını Hindistan qarşısında siyasi jest kimi də qəbul etmək olar. Paralel olaraq Hindistan Rusiyanın ən böyük silah bazarlarından biridir və Putinin Pakistan Baş naziri ilə görüşü şübhəsiz ki, siyasi baxımdan Hindistan tərəfindən ciddi narazılıq doğuracaqdı. Rusiya üçün mövcud vəziyyətdə Hindistan kimi strateji tərəfdaşını narazı salmaq doğru hesab edilə bilməz”.

Ekspert əlavə edib ki, Pakistanın xarici siyasətdə tutduğu mövqe də Kremlin ona ehtiyatla yanaşmasına səbəb olur:

“Məlumdur ki, Pakistan ABŞ-la münasibətləri qoruyub saxlayır və eyni zamanda Türkiyə və Çinlə yaxınlaşma prosesini yeni-yeni dərinləşdirir. Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirən Pakistan bu baxımdan Kreml üçün hələ tam güvənilən aktor sayılmır”.

Ç.Şahbazi Şahbaz Şərifin Ərdoğan–Putin görüşünə protokoldan kənar şəkildə qatılmaq cəhdini də dəyərləndirib:

“Şahbaz Şərifin protokoldan kənar şəkildə Ərdoğan–Putin görüşünə gəlməsi etik baxımdan düzgün olmasa da, siyasi müstəvidə “biz kənarda qalmamalıyıq, regional oyunçuyuq, bizi də nəzərə almalısınız” mesajı vermək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu addım Pakistan adına layiq deyil və zəif diplomatik mövqe kimi dəyərləndirilməlidir”.

Politoloq sonda vurğulayıb ki, Türkiyə və Azərbaycanla münasibətlər kontekstində də müqayisə aparmaq doğru deyil:

“Pakistanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı Rusiya üçün birbaşa təhlükə mənbəyi hesab edilə bilməz. Bu baxımdan Putinin Türkiyəyə, xüsusilə də onun lideri Ərdoğana verdiyi önəmlə Pakistan Baş nazirinə münasibətin müqayisə edilməsi siyasi məntiqə uyğun deyil. Ərdoğan Putin üçün önəmli siyasi fiqurdur və bu səbəbdən Putinin Şahbaz Şəriflə deyil, məhz Ərdoğanla görüşə üstünlük verməsi həm şəxsi keyfiyyətlərlə bağlıdır, həm də siyasi soyuqluğun təzahürü kimi qiymətləndirilməlidir”.

Qiymət Mahir

TodayPress TV

tag: Çingiz Şahbazi,Politoloq,Rusiya,Pakistan,Todaypress.tv,