Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir...

Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir...
03.07.2026 17:18 Təhlil

Sərhədlərin müəyyənləşməsi prosesində ən çətin mərhələyə yaxınlaşırıq. Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsi uğurla tamamlansa da, hələ də taleyüklü məsələlər var.

Bəs düyünün açılması üçün masada hansı variantlar var?                       

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üçün iki mühüm məsələnin müsbət məzmunda həlli vacibdir:

"Bunlardan birincisi, təbii ki, iki ölkə arasında yekun sülh sazişinin imzalanmasıdır. Bu isə rəsmi İrəvanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunan müddəaların ləğvinə hansı sürətlə başlayacağından asılıdır. Bu məsələ həll edildikdən sonra yekun sülh sazişi imzalana bilər".

O, Münasibətlərin normallaşmasında ikinci mühüm faktorun isə  dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesi olduğunu diqqətə çatdırıb:

"İndiyə qədər bu proses, hələlik, birbaşa təmaslar vasitəsilə iki ölkə arasında müsbət məzmunda inkişaf etməkdədir və bu məsələnin növbəti mərhələlərinin də eyni prinsiplər əsasında davam etdirilməsi vacibdir. Çünki dövlət sərhədləri üzərində dəqiqləşdirmələr ədalətli şəkildə yekunlaşdırılmazsa, o zaman iki ölkə arasında narazılıqların və ziddiyyətlərin yenidən ön plana çıxması qaçılmaz ola bilər". 

Analitik vurğulayıb ki,  tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq səviyyədə hüquqi əsası olan bütün kartoqrafik materiallara ciddi şəkildə riayət olunmalıdır:

"Bütün bunlar ədalətli şəkildə reallaşdırılarsa, o zaman Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, eyni zamanda iki ölkə arasında normal münasibətlərin qurulması və iqtisadi-ticari əlaqələrin genişləndirilməsi mümkün ola bilər. Bu da yekun nəticədə bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün əsas amillərdən biridir".

Jalə Rövşən

FOTOLAR

Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... — 1
XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər