NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət...
NATO tarixində olduqca maraqlı, eyni zamanda diqqətçəkən hadisə yaşandı. Şimali Atlantika Alyansının sammitinə Çexiyadan həm prezident, həm də baş nazir eyni vaxtda qatıldı.
Alyansa üzv olan digər ölkələr sammitdə tək bir liderlə təmsil olunduğu halda, Çexiya görüşə iki ayrı rəhbərlə qatılan yeganə dövlət oldu. Üstəlik, hər iki lider Ankaraya ayrı-ayrı dövlət təyyarələri ilə gəldi və sammit boyu bir-biri ilə ümumiyyətlə danışmadı.
Yaxşı, bəs eyni dövləti idarə edən bu iki şəxsi bir-birindən belə uzaq salan nədir?
Əlbəttə, təmsilçilik davası, səlahiyyət böhranı. Bu, Ankara sammitində bütün çılpaqlığı ilə ortaya çıxdı. Hər şey Babişin sammitdən əvvəl verdiyi bəyanatla başladı. Babiş Ankaradakı görüşlərdə ölkəni şəxsən özünün təmsil edəcəyini, heyətdə isə Müdafiə naziri Yaromir Zuna və Xarici İşlər naziri Petr Maçinkanın olacağını bildirdi. Rəsmi nümayəndə heyətində Prezident Petr Pavelə yer ayrılmadı.
Adının siyahıda olmadığını görən Pavel məsələni ölkənin Konstitusiya Məhkəməsinə şikayət etdi. Məhkəmə də bu müraciətə əsasən müvəqqəti bir qərar çıxararaq Pavelin NATO sammitinə getməsinə icazə verdi. Keçmiş general olan prezident məhkəmənin bu qərarından sonra bildirdi ki, NATO müttəfiqlərinin liderləri ilə birbaşa görüşmək və fikir mübadiləsi aparmaq onun konstitusiyadan irəli gələn vəzifəsidir. Elə buna görə də sammitə gəldi.
Davanın arxasında hüquqi və siyasi səbəblər var. Prezident Petr Pavel deyir ki, qanunla dövləti təmsil etmək səlahiyyəti məhz ondadır. Baş nazir isə iddia edir ki, xarici siyasəti hökumət aparır, ona görə də rəsmi heyətin rəhbəri o olmalıdır. Sirr deyil ki, ölkədə prezident NATO və Qərbin təhlükəsizlik xəttinə daha yaxın olduğu halda, baş nazirin tam fərqli prioritetləri var.
Babiş-Pavel gərginliyi NATO-nun ənənəvi "ailə fotosu"nda da dərhal hiss olundu. Pavel ilə Babiş foto çəkilən zaman yan-yana gəlməmək üçün tamamilə fərqli nöqtələrdə dayandılar.
Qiymət Mahir