Müasir dünyanın problemlərini Türkiyəsiz həll etmək mümkündürmü?

Müasir dünyanın problemlərini Türkiyəsiz həll etmək mümkündürmü?
08.07.2026 22:51 Təhlil

Dünya siyasətində gücə malik dövlətlər və əhəmiyyətə malik dövlətlər mövcuddur. Birincilərdən çəkinə bilərlər. İkinciləri isə görməzdən gəlmək mümkün deyil. Onların arasındakı fərq təkcə tankların, təyyarələrin sayı və ya iqtisadiyyatın həcmi ilə müəyyən olunmur. Həqiqi təsir o zaman başlayır ki, artıq sənin iştirakın olmadan qərar qəbul etmək mümkün olmur.

Tarix müəyyən dövrlərdə nəhəng hərbi gücə malik olmuş, lakin zaman dəyişdikcə təsirini itirmiş çoxlu dövlətlər tanıyır. Eyni zamanda tarix coğrafi mövqeyini, diplomatik imkanlarını və siyasi iradəsini strateji resursa çevirməyi bacarmış ölkələrin nümunələrini də bilir. Məhz belə dövlətlər beynəlxalq proseslərin sadəcə iştirakçısına deyil, onların mühüm memarlarına çevrilirlər. Məhz buna görə də Ankarada keçirilmiş NATO sammitinin əsas yekunu təkcə dünya liderlərinin görüşləri zamanı qəbul olunan konkret qərarlar və səsləndirilən bəyanatlar hesab edilməməlidir. Onun əsas əhəmiyyəti başqa məqamdan ibarətdir: sammit formalaşmaqda olan yeni dünya nizamında Türkiyənin yeni rolunu bir daha nümayiş etdirdi. Cəmi bir neçə il əvvəl Qərbin bir çox analitikləri Türkiyə ilə onun Qərbdəki müttəfiqləri arasında münasibətlərdə böhrandan danışırdılar. Ankaranın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırılması, ABŞ-nin tətbiq etdiyi sanksiyalar, Suriya məsələsində fikir ayrılıqları, regional böhranlara yanaşmadakı fərqlər – bütün bunlar Türkiyə ilə Qərb arasındakı münasibətlərin Ankaranın NATO üzvlüyü tarixinin ən mürəkkəb dövrlərindən birini yaşadığı təəssüratını yaradırdı. Bəziləri hətta iddia edirdilər ki, Türkiyə tədricən Avroatlantik məkanından uzaqlaşır və alternativ güc mərkəzləri axtarmağa başlayır. Lakin beynəlxalq siyasət nadir hallarda düzxətli inkişaf edir. Reallıq çoxsaylı proqnozlardan qat-qat mürəkkəb oldu. Bu gün biz Türkiyənin Qərbə qayıdışını deyil, daha çox Qərbin Türkiyənin nə qədər mühüm ölkə olduğunu yenidən dərk etməsinə şahidlik edirik.

Ankarada keçirilən sammitin əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir. Türkiyə bir konkret hadisə sayəsində əhəmiyyət qazanmayıb. Onun bugünkü rolu uzun illər ərzində həyata keçirilmiş, dövlətin beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş siyasətin nəticəsidir. Ankara ardıcıl şəkildə göstərirdi ki, müttəfiq olaraq qalmaq istəyir, lakin digər dövlətlərin qərarlarının sadəcə obyekti olmaq niyyətində deyil. Türkiyə, ilk növbədə, öz milli maraqlarından çıxış edərək müstəqil xarici siyasət yürütməyə çalışırdı. Bu siyasət tez-tez müttəfiqlərin tənqidinə səbəb olurdu. Lakin bu gün aydın görünür ki, məhz Türkiyənin müstəqil qərarlar qəbul etmək bacarığı onu hesablaşılması zəruri olan dövlətə çevirib. Diplomatiyada peşəkarların yaxşı bildiyi bir qayda var: əvvəl siyasi iradə formalaşır, daha sonra isə o, hüquqi və texniki baxımdan rəsmiləşdirilir. Elə buna görə də liderlərin açıq bəyanatları böyük əhəmiyyət daşıyır. Onlar sadəcə söz deyil, beynəlxalq siyasətin hansı istiqamətdə inkişaf edəcəyinə dair siqnaldır.

NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərin atmosferinə də məhz bu baxımdan yanaşmaq lazımdır. Hələ yaxın vaxtlara qədər ABŞ-Türkiyə münasibətlərinin uzunmüddətli qarşıdurma mərhələsinə daxil olduğu təsəvvürü yaranmışdı. Lakin Ankaradakı görüş tamamilə fərqli mənzərə nümayiş etdirdi. ABŞ Prezidenti Türkiyə liderinə və onun siyasi kursuna hörmətini açıq şəkildə ifadə etdi, eyni zamanda iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinə başlamağa hazır olduğunu bildirdi. Müdafiə sahəsində əməkdaşlığa dair, o cümlədən Türkiyənin müasir aviasiya texnologiyaları ilə bağlı proqramlarda tamhüquqlu iştirakına qayıdışı məsələsi üzrə səsləndirilən bəyanatlar xüsusi əhəmiyyət daşıyırdı. Bütün zəruri prosedurların tamamlanması üçün nə qədər vaxt lazım olacağından asılı olmayaraq, verilən siyasi mesaj son dərəcə aydın idi: Vaşinqton Ankaranı yenidən daha geniş regionda təhlükəsizliyin səmərəli təmin edilməsinin mümkün olmadığı ən mühüm müttəfiqlərdən biri kimi qiymətləndirir. Bu isə Türkiyənin ciddi diplomatik qələbəsidir. Lakin bu uğuru yalnız Ərdoğanın şəxsiyyəti ilə əlaqələndirmək yanlış olardı. Şübhəsiz ki, hazırkı Türkiyə Prezidentinin ölkə lideri kimi rolu olduqca böyükdür. Məhz siyasi liderlər qərarlar qəbul edir, məsuliyyəti öz üzərlərinə götürür və dövlətin inkişaf istiqamətini müəyyənləşdirirlər. Amma Türkiyə Prezidentinin konkret uğurunun arxasında daha dərin bir proses – ölkənin uzun illər ərzində həyata keçirdiyi dövlət strategiyasının nəticəsi dayanır. Türkiyə elə bir vəziyyət yaratmağa çalışırdı ki, onu əvəz etmək mümkün olmasın. Baş verənləri anlamağın əsas açarı da məhz budur. XXI əsrdə dövlətlər təkcə böyük orduya və ya geniş iqtisadi resurslara malik olduqları üçün güclü olmurlar. Onlar o zaman güclənirlər ki, onların iştirakı əsas beynəlxalq problemlərin həlli üçün zəruri xarakter alır.

Müasir Türkiyə də tədricən məhz belə bir mövqe tutub. O, NATO-nun üzvüdür, lakin eyni zamanda müxtəlif güc mərkəzləri ilə özünəməxsus əlaqə kanallarını qoruyub saxlayır. O, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, ən mürəkkəb beynəlxalq münaqişələrdə belə dialoq imkanlarını itirmir. Türkiyə Qara dəniz regionunda, Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır. Məhz müxtəlif regionlar və siyasi mərkəzlər arasında əlaqələndirici həlqə olmaq bacarığı Türkiyənin beynəlxalq nüfuzunun əsas mənbələrindən birinə çevrilib. Bir çoxları Ankaranı həddindən artıq müstəqil siyasət yürütməyə çalışdığı üçün tənqid edirdi. Lakin beynəlxalq münasibətlər tarixi göstərir ki, öz gündəliyini müstəqil şəkildə formalaşdırmağı bacaran dövlətlər zaman keçdikcə başqalarının qərarlarını sadəcə izləyən ölkələrdən daha çox hörmət qazanırlar. Ankarada keçirilən NATO sammiti də bu qanunauyğunluğun təsdiqi oldu. Sammit göstərdi ki, Türkiyə artıq yalnız NATO-nun cənub cinahı və ya regional oyunçu kimi qəbul edilmir. Onun rolu bundan qat-qat genişdir. Bu gün Ankara Avropanın, ABŞ-ın, Yaxın Şərqin, Qara dəniz regionunun və Cənubi Qafqazın maraqlarının kəsişdiyi əsas mərkəzlərdən biridir. Məhz buna görə də artıq əsas sual Türkiyənin beynəlxalq təhlükəsizlik sisteminin bir hissəsi olub-olmaması deyil. Bu gün əsas sual başqadır: bu sistem Türkiyəsiz səmərəli fəaliyyət göstərə bilərmi? Və bu sualın cavabı getdikcə daha aydın görünür. Sammitin xüsusilə mühüm cəhətlərindən biri də Şimali Atlantika Alyansının daxili birliyinin qorunub saxlanılması oldu.

Hələ Ankaradakı görüşdən əvvəl bir çox müşahidəçilər NATO daxilində ciddi böhranın yaşandığını bildirirdilər. Donald Trampın yeni administrasiyasının hakimiyyətə gəlməsi transatlantik münasibətlərin gələcəyi ilə bağlı kəskin müzakirələrlə müşayiət olunurdu. Avropada Vaşinqtonun müttəfiqlərin müdafiə xərclərini artırmasının zəruriliyi barədə bəyanatları diqqətlə izlənilir, Avropa təhlükəsizliyi, ABŞ-nin NATO-dakı gələcək rolu, eləcə də Ukraynadan Yaxın Şərqədək uzanan bir sıra beynəlxalq böhranlara yanaşmalardakı fərqlər geniş müzakirə edilirdi. Belə bir şəraitdə alyans daxilindəki ziddiyyətlərin onun siyasi birliyini zəiflədə biləcəyi ilə bağlı real təhlükə mövcud idi. Məhz burada Türkiyənin daha bir mühüm rolu üzə çıxdı. Ankara özünü təkcə müzakirələrin iştirakçısı kimi deyil, həm də Qərb birliyi daxilində fərqli yanaşmalar arasında kompromis axtarışı üçün platforma kimi təqdim etməyi bacardı. Məhz bunu “əvəzedilməzlik diplomatiyası” adlandırmaq olar.

Dünya siyasətində elə ölkələr var ki, təsir gücünü təzyiq vasitəsilə əldə etməyə çalışırlar. Amma elə ölkələr də var ki, müxtəlif tərəfləri yaxınlaşdırmaq, ortaq nöqtələr tapmaq və danışıqlar üçün məkan yaratmaq bacarığı sayəsində nüfuz qazanırlar. Türkiyə son illərdə tədricən məhz belə bir aktora çevrilib. Sammitin yekunlarına əsasən ABŞ Prezidenti Donald Trampın həm Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də NATO-nun Baş katibi Mark Rüttenin Alyansın birliyinin qorunmasındakı rolunu yüksək qiymətləndirməsi də diqqətçəkən məqam idi. Bu, mühüm siyasi siqnal idi: mövcud fikir ayrılıqlarına baxmayaraq, müttəfiqlər birlikdə hərəkət etmək qabiliyyətini nümayiş etdirə bildilər.

Burada bir mühüm məqamı anlamaq lazımdır. Beynəlxalq təşkilatlarda birlik heç vaxt öz-özünə yaranmır. Belə sənədlərin, hər bir bəyannamənin arxasında aylarla davam edən mürəkkəb danışıqlar, diplomatik məsləhətləşmələr və kompromis axtarışları dayanır. Hər bir yekun mətn müxtəlif dövlətlərin maraqları arasında əldə olunmuş tarazlığın nəticəsidir. Məhz buna görə də sammit ətrafındakı siyasi atmosfer onun formal qərarlarından heç də az əhəmiyyət daşımırdı. Ankara ciddi fikir ayrılıqları yaşayan liderləri qəbul etməyə və onlar arasında dialoq üçün şərait yaratmağa qadir olduğunu nümayiş etdirdi. Müasir Türkiyə diplomatiyasının özünəməxsusluğu da məhz bundadır. O, bir güc mərkəzini digəri ilə əvəz etməyə çalışmır. Onun məqsədi öz siyasi manevr imkanlarını qorumaqla yanaşı, beynəlxalq sistemin gələcəyini müəyyən edən proseslərin mühüm iştirakçılarından biri olaraq qalmaqdır. Məhz buna görə də Türkiyənin Ukrayna məsələsində oynadığı rol ayrıca diqqətə layiqdir.

Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk günlərindən etibarən rəsmi Ankara Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, diplomatik əlaqə kanallarını da qoruyub saxlayan mövqe tutdu. Türkiyə Ukrayna ərazilərinin qanunsuz ilhaqını tanımadı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədi, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etdi və dəfələrlə konkret nəticələrin əldə olunması üçün öz imkanlarından istifadə etdi. Bu siyasət müxtəlif qiymətləndirmələrə səbəb olurdu. Bəziləri onu həddindən artıq müstəqil hesab edir, digərləri isə mürəkkəb beynəlxalq böhran şəraitində yeganə real yanaşma kimi qiymətləndirirdi. Lakin bu gün bir həqiqət aydındır: məhz bu möveyi sayəsində Türkiyə münaqişənin müxtəlif tərəfləri ilə danışmaq imkanını qoruyub saxladı. Diplomatiyada isə dialoq imkanı çox vaxt nəticə əldə etməyin ilk şərtidir. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş xüsusilə simvolik məna daşıyırdı. Hələ yaxın vaxtlara qədər Vaşinqtonla Kiyev arasındakı münasibətlər ciddi qeyri-müəyyənlik dövrünü yaşayırdı. Buna görə də iki lider arasında açıq siyasi dialoqun baş tutması özlüyündə mühüm hadisə idi. Əlbəttə, bu görüşün bütün nəticələrinin yalnız Ankaranın xidməti olduğunu iddia etmək düzgün olmazdı. Beynəlxalq siyasət həmişə çoxsaylı amillərin təsiri altında formalaşır. Lakin başqa bir həqiqəti də inkar etmək olmaz: məhz Türkiyə belə bir dialoqun baş tutduğu siyasi məkanı yaratdı. Bu da onun əvəzedilməzliyinin növbəti təzahürüdür. Böyük diplomatik uğurlar bəzən yalnız imzalanmış sazişlərlə ölçülmür. Bəzən onların ölçüsü dünən mümkünsüz görünənin bu gün mümkün olmasıdır. Əsl diplomatiya məhz belə işləyir. Onilliklər boyu beynəlxalq münasibətlər “kim daha güclüdür?” sualı ətrafında qurulurdu. Lakin XXI əsr getdikcə başqa bir sual irəli sürür: “Kimsiz mümkün deyil?” Məhz bu sualın cavabı beynəlxalq nüfuzun yeni meyarına çevrilir. Bu gün Türkiyə məhz belə bir dövlət olmağa çalışır. Qara dənizin təhlükəsizliyini, Qafqazın sabitliyini, enerji marşrutlarını, miqrasiya proseslərini, Qərblə Şərq arasındakı münasibətlərin gələcəyini, eləcə də dünya gündəmini müəyyən edən çoxsaylı böhranları onsuz müzakirə etməyin mümkün olmadığı bir dövlət. Əlbəttə, bu, Ankara ilə tərəfdaşları arasında ziddiyyətlərin olmadığı anlamına gəlmir. Hər bir dövlətin öz maraqları, öz “qırmızı xətləri” və milli prioritetləri var. Lakin xarici siyasətin yetkinliyi fikir ayrılıqlarının olmamasında deyil, onları idarə etmək bacarığındadır. Türkiyə bu gün məhz bunu nümayiş etdirir.

Son illərdə bir çox dövlətlər sadə modeli seçməyə çalışdılar – dünya güc mərkəzlərindən birinə tam qoşulmaq. Lakin müasir dünya getdikcə daha mürəkkəb xarakter alır. O, artıq dövlətlərin yalnız bir siyasi orbitdə yerləşməyə məcbur olduğu Soyuq müharibə dövrünün sərt sistemini xatırlatmır. Yeni dövr diplomatiyadan tamamilə başqa keyfiyyət tələb edir. Bu dövr müttəfiqlik münasibətlərini qorumaqla yanaşı, öz müstəqilliyini də müdafiə etmək bacarığını tələb edir. Məhz buna görə də Türkiyənin təcrübəsi dünyanın bir çox orta güclü dövlətləri üçün xüsusi maraq doğurur. Türkiyə göstərir ki, cəmi bir neçə onillik əvvəl əsasən regional dövlət kimi qəbul olunan ölkə tədricən müstəqil təsir mərkəzinə çevrilə bilər. Lakin bunun üçün üç əsas şərt lazımdır: siyasi iradə, strateji düşüncə və bir siyasi dövrün hüdudlarından kənarı görə bilmək bacarığı. Məhz bu amillərin vəhdəti Türkiyəyə dünya siyasətində öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradıb. Məhz buna görə də Azərbaycan üçün keçirilmiş NATO sammitinin əhəmiyyəti Türkiyə diplomatiyasının uğurları ilə məhdudlaşmır.

Bakıda hər zaman sadə bir geosiyasi həqiqəti anlayıblar: müasir dünyada strateji müttəfiqlərin gücü təkcə imzalanmış sənədlərin sayı ilə deyil, həm də tərəfdaşların beynəlxalq çəkisi ilə müəyyən olunur. Müttəfiq dünya arenasında nə qədər güclü olarsa, bu, dövlətin özü üçün də bir o qədər geniş imkanlar yaradır. Azərbaycanla Türkiyə arasındakı münasibətlər artıq çoxdan adi ikitərəfli əməkdaşlıq çərçivəsini aşıb. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkə arasında strateji tərəfdaşlıq yeni keyfiyyət mərhələsinə yüksələrək, təkcə siyasi yaxınlığı deyil, həm də regionda baş verən əsas proseslərə yanaşmada ortaq mövqeyi möhkəmləndirib. Lakin bu ittifaqa yalnız ikitərəfli münasibətlər prizmasından baxmaq düzgün olmazdı. Bu gün Bakı ilə Ankara arasında əməkdaşlıq daha geniş geosiyasi kontekstə malikdir. Bu əməkdaşlıq Cənubi Qafqazın gələcəyi, Avropanın enerji təhlükəsizliyi, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri, Türk Dövlətləri Təşkilatının inkişafı, Mərkəzi Asiyada gedən proseslər və ümumilikdə regional təhlükəsizlik arxitekturasının dəyişməsi ilə sıx bağlıdır. Məhz buna görə də Türkiyənin beynəlxalq mövqelərinin güclənməsi obyektiv olaraq Azərbaycanın da imkanlarını genişləndirir. Lakin burada ən vacib məqamı anlamaq lazımdır. Bu tərəfdaşlığın gücü ondan ibarət deyil ki, bir ölkə digərini əvəz edir. Əksinə, onların hər biri öz beynəlxalq subyektliyini və müstəqil xarici siyasət strategiyasını qoruyub saxlayır. Türkiyə qlobal ambisiyalara malik böyük regional dövlətdir. Azərbaycan isə son onilliklər ərzində mürəkkəb geosiyasi mühitdə yerləşən kiçik bir ölkədən beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış və öz regional gündəliyini formalaşdıran orta güclü (middle power) dövlət səviyyəsinə yüksəlməyi bacarıb. Məhz bu amil onların əməkdaşlığını xüsusilə əhəmiyyətli edir.

Hər iki ölkə belə bir anlayışdan çıxış edir ki, müasir dünyada davamlı inkişafı yalnız xarici güclərin dəstəyinə arxalanaraq təmin etmək mümkün deyil. Dövlətlər yalnız o zaman güclü olurlar ki, özləri beynəlxalq proseslərin subyektinə çevrilsinlər. Bu baxımdan Türkiyənin təcrübəsi böyük maraq doğurur. Ankara göstərdi ki, supergüc kateqoriyasına daxil olmayan dövlət belə, strateji baxışa, siyasi iradəyə və müstəqil siyasət yürütmək qabiliyyətinə malik olduqda dünya siyasətinə əhəmiyyətli təsir göstərə bilər. Bu məntiq Azərbaycanın xarici siyasət yolunu da böyük ölçüdə izah edir. Bakı da ardıcıl şəkildə öz beynəlxalq subyektliyini möhkəmləndirməyə, müxtəlif güc mərkəzləri ilə münasibətləri inkişaf etdirməyə və ilk növbədə milli maraqlara əsaslanan siyasət yürütməyə çalışır. Məhz buna görə də Türkiyənin beynəlxalq arenadakı hər bir uğuru Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Ankaranın mövqelərinin güclənməsi regional təşəbbüslərin birgə irəli aparılması imkanlarını genişləndirir, türk dünyasında əməkdaşlığı möhkəmləndirir və Cənubi Qafqazın formalaşmaqda olan beynəlxalq münasibətlər sistemində rolunu artırır. Bu gün dünya dərin dəyişikliklər dövrünü yaşayır. İkinci Dünya müharibəsindən sonra formalaşmış köhnə sistem tədricən transformasiyaya uğrayır. Qüvvələr nisbəti dəyişir, yeni təsir mərkəzləri meydana çıxır, əvvəllər ikinci dərəcəli oyunçular kimi qəbul olunan dövlətlər isə daha mühüm rol oynamaq imkanı qazanırlar. Məhz bu yeni reallıqda strateji muxtariyyət anlayışı xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər artıq yalnız müəyyən bir blok və ya ittifaqa mənsub olduqlarına güvənə bilməzlər. Onlar öz siyasi subyektliyinə, milli maraqlarını müdafiə etmək bacarığına və eyni zamanda ətraflarında əməkdaşlıq məkanı formalaşdırmaq imkanına malik olmalıdırlar.

Türkiyə belə modelin ən parlaq nümunələrindən biridir. O, klassik mənada supergüc olmayıb. Lakin o, əsas beynəlxalq qərarların qəbul edilməsi prosesindən kənarda qoyulması mümkün olmayan dövlətə çevrilib. Əsl gücün göstəricisi də məhz budur.

Nəticə etibarilə, Ankarada keçirilən NATO sammitinin əsas dərsi yalnız hansı bəyanatların verilməsi və hansı razılaşmaların əldə olunması ilə məhdudlaşmır. Onun əsas əhəmiyyəti Türkiyənin dünyadakı rolunun yeni keyfiyyətini nümayiş etdirməsindədir. Türkiyə artıq öz əhəmiyyətini sübut etməyə çalışan dövlət deyil. O, əhəmiyyəti artıq qəbul edilmiş dövlətdir. Məhz buna görə də bu gün beynəlxalq siyasətin əsas sualı artıq “Türkiyə kimin tərəfindədir?” deyil. Əsas sual belə səslənir: “Müasir dünyanın əsas problemlərini Türkiyəsiz həll etmək mümkündürmü?” Ankaranın yeni rolunu anlamağın açarı da məhz bu sualın cavabındadır. Tarix böyük hərbi gücə malik çoxlu dövlətlər tanıyır. Lakin onlardan yalnız az bir qismi əvəzedilməz olmağı bacarıb. Yeni dünya gücünün əsas əlaməti artıq qüdrət deyil, məhz əvəzedilməzlikdir.

XX əsr müharibələrdə qalib gəlməyi bacaran dövlətləri böyütdü. XXI əsr isə getdikcə müharibələrin qarşısını almağı bacaran dövlətləri ön plana çıxarır. Ankarada keçirilən sammit göstərdi ki, Türkiyə formalaşmaqda olan yeni dünya nizamında məhz belə bir yer tutmağa çalışır.

Qədim Çin mütəfəkkiri Sun Tszı yazırdı: “Müharibənin ən ali sənəti düşməni döyüşmədən məğlub etməkdir.”

Bu fikir bu gün yeni siyasi məna kəsb edir. Əsl güc təkcə rəqibi məğlub etmək bacarığında deyil, elə bir şərait yaratmaq bacarığındadır ki, sənin iştirakın olmadan artıq heç bir həll yolu tapmaq mümkün olmasın. Müasir Türkiyənin fenomeni də məhz bundan ibarətdir. Elə buna görə də bu gün Ankaranın yeni rolundan – əvəzedilməz Türkiyənin rolundan danışmaq mümkündür.

Ramiz Yunus

“Xəzər” Universitetinin Siyasi elmlər üzrə professoru

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər