Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə

Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə
10.08.2026 12:32 Təhlil

Xəbər verdiyimiz kimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Sazişi” adlandırılan yeni üçtərəfli müdafiə müqaviləsi imzalayıblar. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. 

Regionda vəziyyətin gərgin olduğunu nəzərə alsaq, bu saziş hansı riskləri yaradır? Konkret olaraq, İran Səudiyyə Ərəbistanına hücum edərsə, nə baş verə bilər? 


Məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə açıqlamasında bildirib ki, saziş hələ yeni imzalanıb və parlamentlər tərəfindən təsdiqlənməyib. Sazişin tam mətni də ictimaiyyətə açıqlanmayıb.

"Türkiyənin xarici işlər naziri bildirib ki, bölgə dövlətləri ilə 2 il 8 ay ərzində danışıqlar aparılıb. Nəticədə qərara gəlinib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan qurucu dövlətlər kimi çıxış etsin. Sonradan digər dövlətlərin də bu bloka qoşulmaq istəyi olarsa, məsələyə baxılması mümkündür", - o qeyd edib. 

O, blokun hansı təhlükəyə qarşı yaradılmasına aydınlıq gətirib:

"Nəzərə alsaq ki, Türkiyə və Pakistanın İsraillə münasibətləri son dərəcə gərgindir, Səudiyyə Ərəbistanının isə İranla ciddi problemləri var, bu blokun əsas rəqibinin və ya hədəfinin hansı dövlət olduğu hələ aydın deyil. Bu ölkələr arasında yalnız Türkiyənin müxtəlif hərbi bloklarda aktiv iştirak təcrübəsi var və Ankara uzun illərdir NATO-nun üzvüdür. Ancaq nədənsə yeni blokun baş katibliyinin Səudiyyə Ərəbistanında yerləşməsi nəzərdə tutulur". 

Abutalıb Səmədov digər mühüm bir məsələyə də toxunub:

"Maraqlı məqam  blok daxilində hansı dilin əsas ünsiyyət dili olacağıdır. NATO-da ortaq dil kimi ingilis dilindən istifadə olunur. Bəs burada hansı dil əsas dil olacaq? Hərbi qüvvələrə kim rəhbərlik edəcək? Komandanlıq mexanizmi necə qurulacaq? Bir sözlə, çoxlu suallar var". 


Onun sözlərinə görə, hazırda real təhlükə kimi İran ön plana çıxır:

Səudiyyə Ərəbistanının ərazisinə müqavilə imzalanmazdan əvvəl də zərbələr endirilib. Saziş imzalandıqdan sonra isə husilər də Səudiyyə Ərəbistanına hücum ediblər.   Belə vəziyyətdə tərəflərin reaksiyası necə olacaq? Hazırda Səudiyyə Ərəbistanının ərazisində Pakistan hərbçiləri var. Türkiyə də bu ölkəyə daha çox hərbi texnika və hərbi məsləhət formasında dəstək göstərir. Bəs real hücum baş verərsə, bu üç dövlət İrana qarşı birlikdə müharibə aparacaqmı? Yəqin ki, yox". 

Politoloq hesab edir ki, sazişdə məsləhətləşmələrin keçirilməsi ilə bağlı müddəalar da yer alıb. Bu, müəyyən mənada NATO müqaviləsinin 4-cü maddəsində nəzərdə tutulan mexanizmə bənzəyə bilər.

"Ümumilikdə, suallar çoxdur. Sazişin tam mətni dərc edildikdən, parlamentlər tərəfindən təsdiqləndikdən və bloka yeni üzvlərin qəbulu məsələsi aydınlaşdıqdan sonra bir çox məqamlara cavab tapmaq mümkün olacaq. Hələlik isə hər şey yenidir və sazişin konkret olaraq hansı mexanizmlərlə işləyəcəyini dəqiq söyləmək mümkün deyil",- deyə, ekspert fikrini tamamlayıb. 

Jalə Rövşən 

FOTOLAR

Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər