İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir?

İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir?
14.07.2026 15:42 Təhlil

İran hərbi qərargahı bildirib ki, müharibə yayılarsa, alov bölgədəki bütün ölkələri bürüyəcək.

Qərargah region ölkələrinin liderlərinə Amerika ilə hər hansı bir əməkdaşlıq və onun təcavüzkar ordusuna lojistik dəstəyin İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə aktı kimi qiymətləndiriləcəyi haqda xəbərdarlıq edib.

Maraqlıdır, bu halda ölkəmizi nə gözləyir?

Məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə danışıb.


O, qeyd edib ki, əgər Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi əməliyyatlar üçün hər hansı bir ölkənin ərazisindən istifadə edərsə, İran da həmin ölkələri cavab hədəfi kimi qiymətləndirəcəyini bəyan edir.

Ekspert vurğulayıb ki, Azərbaycan bu məsələdə öz mövqeyini ən yüksək səviyyədə, Prezident səviyyəsində dəfələrlə bəyan edib:

"Rəsmi Bakı açıq şəkildə bildirib ki, Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı hərbi məqsədlər üçün istifadə oluna bilməz. Bu, Azərbaycanın dəyişməz dövlət siyasətidir. İstər hava, istər quru, istərsə də dəniz yolu ilə Azərbaycanın ərazisindən ABŞ, İsrail və ya hər hansı digər dövlətin hərbi qüvvələrinin, təyyarələrinin, raketlərinin və ya hərbi infrastrukturunun İrana qarşı istifadəsinə imkan verilməyəcək".

Politoloqun qənaətincə, Azərbaycan adı çəkilən ölkələr sırasında yoxdur. Çünki Azərbaycan öz ərazisinin İrana qarşı istifadə edilməsinə icazə vermədiyini dəfələrlə bəyan edib.

O, qeyd edib ki, İranın bu xəbərdarlıqları daha çox ABŞ hərbi bazalarının və ya hərbi infrastrukturunun yerləşdiyi Fars körfəzi ölkələrinə aiddir. Bura Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və müəyyən mənada İordaniya daxildir.

"Bununla belə, Yaxın Şərqdə genişmiqyaslı müharibə Azərbaycanın milli təhlükəsizliyi üçün də ciddi risklər yarada bilər. Mən hər zaman vurğulamışam ki, Yaxın Şərq və Cənubi Qafqaz bir-biri ilə sıx bağlı regionlardır. Azərbaycan Cənubi Qafqazda, İran isə Yaxın Şərqdə yerləşsə də, bizi cəmi bir neçə on kilometrlik sərhəd ayırır. Buna görə də bölgədə baş verən hərbi eskalasiya ölkəmizə də təsirsiz ötüşə bilməz",- analitik əlavə edib.

Ekspert düşünür ki, mühüm amillərdən biri  İranda milyonlarla azərbaycanlının yaşamasıdır: "Regionda müharibə genişlənərsə və yeni dövlətləri əhatə edərsə, bunun Azərbaycan üçün həm humanitar, həm təhlükəsizlik, həm də iqtisadi nəticələri ola bilər. Mənim fikrimcə, ən böyük təhlükə ondan ibarətdir ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni və kövrək də olsa, sülh reallığı formalaşdırmağa nail olub. Lakin Yaxın Şərqdə baş verən hadisələr Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasını da risk altına salır".

O, məhz buna görə, bizim bu münaqişənin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinin tərəfdarı olduğumuzu diqqətə çatdırıb: "Şübhəsiz ki, ABŞ və İranın öz geosiyasi planları və maraqları var. Azərbaycanın əsas məqsədi isə istənilən ssenaridə öz milli təhlükəsizliyini, dövlət sərhədlərini və milli maraqlarını qorumaq olmalıdır. Qlobal proseslərin hamısı Azərbaycandan asılı deyil. Lakin dövlət olaraq bizim əsas vəzifəmiz ölkəmizi mümkün olan bütün vasitələrlə bu təhlükələrdən qorumaq və milli təhlükəsizliyimizi təmin etməkdir".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? — 1
XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər