Gürcüstandan Ukraynaya uzanan yol: Kreml harada dayanacaq?

Təhlil

19.12.2025 15:27

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların liderlərindən olan Steni Hoyerin Rusiya Prezidenti Vladimir Putinlə bağlı açıqlamaları son illərin geosiyasi proseslərini aydın şəkildə əks etdirir. Hoyer Putini “diktator” adlandıraraq onun aqressiv siyasətinin təsadüfi deyil, illərdir davam edən ardıcıl xətt olduğunu vurğulayıb.

Konqresmenin fikrincə, Rusiya liderinin hərbi və siyasi fəaliyyəti təkcə Ukrayna ilə məhdudlaşmır. Moskva hələ 2008-ci ildə Gürcüstanla müharibəyə girərək Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələr üzərində faktiki nəzarətini möhkəmləndirdi. Həmin dövrdə Qərbin nisbətən birlik nümayiş etdirməsi və ABŞ-da Corc Buş administrasiyasının prinsipial mövqeyi Rusiyanın daha irəli getməsinin qarşısını aldı.

Rusiya eyni zamanda “dondurulmuş münaqişələr” vasitəsilə region dövlətlərinə təsir göstərməyə çalışıb. Moldovadakı Dnestryanı problem uzun illərdir Kremlin bu ölkəyə siyasi təzyiq aləti kimi istifadə olunur. Bu yanaşma Moskvanın birbaşa hərbi müdaxilə etmədən də təsir imkanlarını qoruduğunu göstərir.

Ukrayna məsələsində isə Rusiya beynəlxalq öhdəliklərini açıq şəkildə pozub. 1994-cü il Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünə zəmanət verən Moskva 2014-cü ildə Krımı işğal etdi. Həmin vaxt Rusiyanın bununla kifayətlənməyəcəyi barədə xəbərdarlıqlar səsləndirilirdi və bu proqnozlar 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi hücumla təsdiqləndi.

Hazırda Kremlin Donbasla bağlı tələbləri də eyni siyasətin davamı kimi qiymətləndirilir. Tarixi təcrübə göstərir ki, Rusiyanın müəyyən ərazilərlə dayanacağına ümid etmək real deyil. Vladimir Putinin “Rusiyanın sərhədləri heç yerdə bitmir” fikri də bu yanaşmanın ideoloji əsasını açıq şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Steni Hoyerin açıqlamaları Rusiyanın davranış modelinə dair ciddi xəbərdarlıq xarakteri daşıyır. Donbasla bağlı istənilən güzəşt Kremlin növbəti mərhələdə yeni ərazi iddiaları ilə çıxış etməsi riskini artırır. Bu baxımdan məsələ təkcə Ukraynanın taleyi deyil, bütövlükdə regional və beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə bağlıdır.                                  

Zeynal Əmrəliyev

tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Gürcüstan,Ukrayna,Todaypress.tv,