Çinin maskası düşdü - Rusiya üçün əsgər istehsal edirmiş
Mətbuata sızdırılan gizli sənədlər Pekin və Moskva arasındakı münasibətlərin artıq sadə ticarət çərçivəsindən çıxdığını və tərəflər arasında birbaşa, dərin hərbi-strateji tərəfdaşlığın formalaşdığını deyir.
Bu əməkdaşlığın ən diqqətçəkən tərəflərindən biri Starlink peyk şəbəkəsinə qarşı yönələn kiberhücumlar, terminalların sabotajı və orbitdəki peykləri sıradan çıxarmaq üçün ucuz silahların yaradılması planlarıdır.
Eyni zamanda Çin nümayəndə heyətləri ilə Rusiyanın "Almaz-Antey" konserni arasında imzalanan müqavilələr gələcəkdə Tayvan ətrafında yarana biləcək mümkün münaqişə ssenarilərini nəzərə alaraq hipersəs raketlərinə qarşı müdafiə sistemlərinin birgə istehsalını nəzərdə tutur.
Hərbi-texnoloji mübadilə prosesində Rusiya Ukrayna cəbhəsində dronlardan topladığı döyüş təcrübəsini, telemetriya və real vaxt məlumatlarını Çinlə bölüşür.
Bunun müqabilində isə Çin Rusiyanı çiplər, sənaye gücü və süni intellekt vasitəsilə idarə olunan dron sürülərinin yaradılması texnologiyası ilə təmin edir.
Əməkdaşlığın praktiki tərəfi kimi, Alman kəşfiyyatının məlumatlarında 200-dən çox rus hərbçisinin Ukrayna cəbhəsinə getməzdən əvvəl Çindəki gizli bazalarda təlim keçdiyi qeyd olunur.
Ortaya çıxan bu faktlar Pekinin rəsmi olaraq bəyan etdiyi neytrallıq mövqeyini sual altına alır. Qərbin qarşısında hərbi və texnoloji baxımdan sıx inteqrasiya olunmuş vahid hərbi maşın dayanıb.
ABŞ və Avropanın sanksiya xətlərini və qırmızı xətləri müzakirə etdiyi bir vaxtda, bu ittifaq real addımlarla öz hərbi potensialını möhkəmləndirməkdə israrlıdır.
Jalə Rövşən