Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə etmək doğru deyil - Elman Nəsirov
Təhlil
21.11.2025 15:53
Deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib ki, bəzi marjinal siyasi qruplar Azərbaycanın sosial göstəricilərini qonşu ölkələrlə qərəzli şəkildə müqayisə edərək yanlış rəy formalaşdırmağa çalışır.

Onun sözlərinə görə, 2026-cı ildə Azərbaycanın sosial xərcləri 10 milyard dollar olacaq ki, bu rəqəm Ermənistanın 2.4 milyard, Gürcüstanın isə 2.6 milyard dollarlıq sosial ayırmalarını bir neçə dəfə üstələyir.
O hesab edir ki, Azərbaycan büdcəsinin yalnız sosial hissəsi belə bəzi ölkələrin bütün büdcəsindən çox olduğu üçün aparılan müqayisələrin heç bir əsası yoxdur.
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu, ölkəmizdə sosial siyasətin əsas prioritet olduğunu göstərir:
"Milli Məclisdə dövlət büdcəsinin birinci oxunuşda müzakirələri üç gün davam etdi və mənim də çıxışım oldu. Çıxışımda qeyd etdim ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsinin xərcləri 41 milyard 700 milyon manat təşkil edir. Yəni dövlət il ərzində məhz bu qədər vəsaiti xərcləmək imkanı əldə edəcək.
Bu vəsaitin 41 faizi — 17,1 milyard manatı — sosial sahəyə yönəldilib. Bu, sosial xərclərin dövlət siyasətində nə qədər prioritet olduğunu bir daha təsdiqləyir".
O qeyd edib ki, ölkəmiz üçün təhlükəsizlik məsələləri hər zaman əsas istiqamətlərdən biri olub. Müdafiə və təhlükəsizlik xərcləri üçün 8,7 milyard manat ayrılıb ki, bu da 2025-ci illə müqayisədə 318 milyon manat çoxdur.
Deputat, həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına milyardlarla vəsait ayrılıb:
"Cənab Prezidentin müəyyən etdiyi strateji vəzifələrdən biri də post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu məqsədlə büdcənin 8,4 faizi — 3,5 milyard manat — ayrılıb. Bu rəqəmlər həmin istiqamətin dövlət üçün necə prioritet olduğunu göstərir".
E. Nəsirov əlavə edib ki, dövlətin ali məqsədi vətəndaşın ləyaqətli həyat şəraitidir:
"Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan siyasətinin mərkəzində vətəndaşın sosial rifahı və təhlükəsizliyi dayanır.
Məhz buna görə büdcənin 41 faizi sosial yönümlü xərclərə, 21 faizi müdafiə və təhlükəsizliyə ayrılıb. Üstəlik, 8,4 faiz də Qarabağ və Şərqi Zəngəzurun bərpasına sərf olunur. Beləliklə, büdcənin 70 faizdən çoxu birbaşa əhalinin sosial rifahına, təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışının təmininə yönəldilib. Qalan 30 faiz isə təhsil, səhiyyə, mədəniyyət, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə bölüşdürülür".
Parlamentari Azərbaycanın sosial xərclərinin bir çox ölkələrin ümumi büdcəsini belə üstələdiyinə diqqət çəkib:
"Azərbaycan sosial dövlətdir və 2026-cı ilin büdcəsi də tam şəkildə sosial yönümlü büdcədir. Mən tamamilə razıyam ki, Azərbaycanın yalnız sosial xərcləri — 17,1 milyard manat — bəzi ölkələrin bütöv büdcəsini üstələyir. Bu səbəbdən Ermənistan və Gürcüstanla Azərbaycan arasında müqayisə aparmaq belə doğru deyil".
Parlamentari sonda diqqətə çatdırıb ki, Azərbaycan büdcəsi Ermənistan və Gürcüstanla müqayisəyə belə gəlmir:
"Doğrudur ki, buna baxmayaraq, bəziləri Azərbaycan büdcəsini gözdən salmağa çalışır, guya Ermənistan və Gürcüstanın büdcəsinin daha üstün olduğunu iddia edirlər. Bu yanaşmalar tənqidə belə dözmür, çünki faktlar özlüyündə hər şeyi izah edir. Sadəcə rəqəmlərə baxmaq kifayətdir: Azərbaycanın 41,7 milyard manatlıq büdcəsi, sosial və təhlükəsizlik sahələrinə ayrılan vəsaitlərin həcmi ortadadır. Ermənistan və Gürcüstanın göstəriciləri ilə müqayisə aparıldıqda reallığın necə olduğu açıq şəkildə görünür".
Jalə Rövşən
tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Ermənistan,Gürcüstan,Todaypress.tv,
