Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR

Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR
29.06.2026 11:17 Təhlil

1993-cü ilin iyun ayı Azərbaycan üçün ən ağır sınaq dövrü idi. Cəbhədəki məğlubiyyətlər, Gəncədəki qanlı toqquşma, ölkənin vətəndaş müharibəsi astanasına gəlməsi...

Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə çəkilmiş, hakimiyyət vakuumu yaranmışdı. Məhz bu kritik məqamda hər kəsin diqqəti Naxçıvana, Heydər Əliyevə yönəlmişdi. Bir çoxları anlayırdı ki, ölkəni bu xaosdan yalnız güclü və təcrübəli bir şəxs çıxara bilər.

Həmin gərgin günlərdə Birinci Qarabağ müharibəsi iştirakçısı və Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanov Gəncə türməsindən azad olunaraq Bakıya qayıdır. O, xatirələrində kabinetinə daxil olan kimi köməkçisi ilə söhbətini belə xatırlayır:

“Gəncə türməsindən 1 iyul 1993-cü ildə azad edilərək Bakıya gələndən sonra dərhal Milli Qvardiyadakı iş kabinetimə getdim. Qapını açıb içəri daxil olandan sonra ilk sualım köməkçim Həsən Qasımova oldu: "Həsən, ölkə prezidenti Əbülfəz bəyi niyə qoruya bilmədiniz? 400-dən artıq qvardiyaçı var idi. Bəyin Naxçıvana, Kələkiyə getməsinin səbəbi nə idi? Sən Cəbhə qərargahına gedib-gələnsən, bu işlərdən xəbərin olmalıdır."

Həsən bir qədər sakit durub üzümə baxdı və dedi: "Eh, komandir, bizim bilmədiyiniz çox məsələlər oldu. Hansını deyim? Komandanın ölümü, qvardiyaçıların silahı təhvil verib təslim olmaları, sizin girov düşməyiniz... Hamısı böyük ruh düşkünlüyü yaratmışdı. Üstəlik, mənim üzərimə çox ağır bir yük düşmüşdü.

İndi sizə deyəcəyim məsələni yalnız bir-iki nəfər bilir.

Aranı qızışdırıb Gəncədə əsir düşənləri qırdırmaq məqsədilə Surət Hüseynovun qardaşını oğurlayıb öldürmək istəyirdilər.

Bu barədə MTN-nin nazir müavini Namiq Abbasov iyunun 6-da birbaşa Əbülfəz Elçibəyə məlumat vermişdi.

Prezidentin yanında Xüsusi İdarənin şöbə rəislərindən biri məni və başqa bir nəfəri yanına çağırıb dedi ki, Surətin qardaşını gizli və təhlükəsiz yerdə qorumaq üçün ağıla gəlməyən bir məkan lazımdır.

Bu məsuliyyəti mən öz üzərimə götürdüm. Biz Yasamaldan Sürətin qardaşını götürüb əmimgilin evində üç gün tam gizlətdik. Başım onun mühafizəsinə və dolanışığına qarışmışdı. Dördüncü gün vəziyyət bir qədər sakitləşəndən sonra onu üzə çıxardıq. Ardınca Gəncəyə gedib Surətlə görüş təşkil etdik.

Beləliklə, böyük bir təhlükənin və mümkün qanlı qarşıdurmanın qarşısını aldıq."

Bu hadisələrdən qısa müddət sonra isə Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, parlamentin sədri oldu və ölkəni sabitləşdirmək istiqamətində uğurlu addımlar atdı. 

Jalə Rövşən

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər