ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?
07.07.2026 14:37 Təhlil

ABŞ-nin region ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlikləri uzun müddətdir ki, səfir olmadan fəaliyyət göstərir.   Bu Vaşinqtonun region siyasətində hansı mesajı verir? 

Mövzu ilə bağlı   politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.   

                                                                                                                                                              O bildirib ki, Cənubi Qafqaz ölkələrinin heç birində Amerikanın hazırda səfiri yoxdur. Ancaq səfirliklər mövcuddur və fəaliyyət göstərir:

"Səhv etmirəmsə, işlər vəkili səfiri əvəz edir.  Bunun səbəbləri nə ola bilər? Səbəblər müxtəlifdir. Əvvəlcə onu deyim ki, Amerikada diplomatların, o cümlədən səfirlərin təyin olunması proseduru kifayət qədər mürəkkəb mexanizmdir. Yəni icra hakimiyyəti və Dövlət Departamenti bu təyinat prosesində mütləq Senatın da razılığını almalıdır. Senatda isə bəzən ciddi fikir ayrılıqları yaranır. Ölkədaxili siyasi mübarizə, yəni respublikaçılarla demokratlar arasındakı siyasi rəqabət bu sahəyə də təsir göstərir. Nəticədə bəzi şəxslərin müəyyən ölkələrə səfir təyin olunması prosesində əngəllər və ya maneələr meydana çıxır. Ona görə də bu prosedur bəzən ləngiyir". 

Analitik düşünür ki, Amerikanın xarici siyasət strategiyasındakı müəyyən məqamlar da bu məsələyə təsir edir:

"Yəni Amerika hansısa regiona daha çox diqqət yetirirsə, həmin regionlara səfirlərin təyinatı yubanmır və diplomatik missiyanın tam tərkibdə fəaliyyəti təmin olunur.  Cənubi Qafqaz isə ola bilsin ki, Amerika üçün prioritetdir, amma hələlik əsas prioritetlərdən biri deyil. Yaxud da burada prioritetlərin dəyişməsi və yenilənməsi ilə bağlı müəyyən prosedurlar mövcuddur. Yəni bölgədə həyata keçiriləcək xarici siyasət kursu ilə bağlı dəqiqləşdirmələr başa çatdıqdan sonra səfirlərin təyinatı həyata keçirilə bilər". 

Ekspertin qənaətincə, səfirlərin təyin olunması həm regiondakı vəziyyətlə, həm Amerikanın daxili siyasəti ilə, həm də onun strateji hədəfləri ilə bağlıdır:

"Bu məsələlərdə bəzən gecikmələr baş verir. Bildiyimə görə, Azərbaycana səfir postu üçün namizəd artıq müəyyənləşdirilib, lakin o, hələ Senatın təsdiqindən keçməyib. Senatda bu cür təsdiq prosesləri bəzən aylarla, hətta illərlə davam edə bilir. Amma bütövlükdə götürdükdə, təbii ki, Amerikanın bu ölkələrdəki səfirlikləri fəaliyyət göstərir və yaranan boşluqlar müəyyən mənada aradan qaldırılır. Yəni səfir olmasa da, səfirliyin əməkdaşları və işlər vəkili səfirin üzərinə düşən vəzifələri yerinə yetirirlər". 

Politoloq əlavə edib ki, Cənubi Qafqaz yaxın zamanlarda Amerikanın strateji prioritetləri sırasında daha önəmli yerlərdən birini tuta bilər. Bölgə ilə bağlı məsələlər aktuallaşdıqca, Amerika da bura səfirlərin təyinatı məsələsinə xüsusi diqqət yetirəcək. 

Jalə Rövşən

FOTOLAR

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? — 1
XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər