ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı

ABŞ-nin  Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı
07.07.2026 12:15 Təhlil

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə yenidən silah satmağa başlaması, xüsusilə də milli qırıcı "KAAN" üçün mühərrik verməsi və F-35 proqramını yenidən masaya gətirməsi regionda kartları yenidən paylayır. 


Trampın  2026-cı ilin fevralında imzaladığı "Öncə Amerika" sərəncamı bu addımın əsas iqtisadi və siyasi mühərrikidir. 

Vaşinqton üçün Türkiyə ilə münasibətlər  reallıqlara əsaslanan maraq siyasətidir. ABŞ-nin  Ankaraya yaşıl işıq yandırmasının üç əsas səbəbi var:

Türkiyə NATO-nun ən böyük ikinci ordusudur. İncirlik kimi strateji bazalara sahibdir. Tramp, rəsmi Ankara Rusiya ilə (S-400 məsələsində olduğu kimi) balanslı siyasət aparsa da, belə bir böyük gücü tamamilə Rusiyanın və ya Çinin qucağına itələmək istəmir.


Silah satışı ABŞ-nin  müdafiə nəhəngləri üçün milyardlarla dollar pul və minlərlə iş yeri deməkdir. KAAN təyyarəsinə ABŞ istehsalı GE mühərriklərinin verilməsi biznes baxımından Tramp administrasiyası üçün böyük uğurdur.


Regiondakı gərginliklər fonunda ABŞ Türkiyəni sabitləşdirici və praqmatik bir tərəfdaş kimi görür. Tramp hətta "S-400-ləri aktiv etməyin, F-35-ləri geri verək" fikrinə isti yanaşır. 

ABŞ-Türkiyə xəttindəki bu yaxınlaşma, maraqları toqquşan digər paytaxtlarda fərqli reaksiyalar yaradıb. 

Afina və Lefkoşa uzun illərdir Egey və Şərqi Aralıq dənizində Türkiyə ilə hərbi balans yaratmağa çalışır. Türkiyənin hava qüvvələrinin daha da güclənməsi bu balansı onların ziyanına poza bilər.  Buna cavab olaraq Yunanıstan da ABŞ-dən F-35 almağa cəhd edir və İsraillə hərbi əməkdaşlığı artırır.


Təl-Əviv regionda yeganə ən üstün hava gücü (QME prinsipi) olaraq qalmaq istəyir. Ankaranın həm beşinci nəsil qırıcılara sahib olması, həm də Fələstin məsələsindəki sərt mövqeyi İsraildə  narahatlıq yaradır.

İrəvan, xüsusilə Azərbaycan-Türkiyə hərbi ittifaqını nəzərə alaraq, Ankaranın daha da güclənməsinin Cənubi Qafqazdakı güc nisbətinə təsir edəcəyini düşünür. Bu səbəbdən Ermənistan son vaxtlar Fransa və Yunanıstan kimi ölkələrlə müdafiə əlaqələrini dərinləşdirir.


ABŞ-nin Suriyanın şimalında İŞİD-lə mübarizə adı altında YPG-yə dəstək verməsi Ankara üçün milli təhlükəsizlik təhdididir (Türkiyə bu qrupu PKK-nın birbaşa uzantısı sayır). Türkiyənin ABŞ-dən yeni silahlar alması bu bölgədəki kürd qruplarında "Vaşinqton bizi arxa plana atır" qorxusu yaradıb. 


Ortada böyük bir maraq toqquşması var. ABŞ Konqresindəki yunan, erməni və yəhudi lobbiləri bu satışları dayandırmaq üçün təzyiq etsələr də, Ağ Ev üçün qlobal geostrateji mənfəətlər lokal regional narahatlıqlardan daha ağır çəkili  gəlir. 

Vaşinqtonun bu siyasəti qısamüddətli dövrdə öz maraqlarını təmin etsə də, regionu sürətli  silahlanma yarışına cəlb edə bilər. 

Jalə Rövşən

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər