Xocavənddə mina partlayışında yaralanan şəxs evə buraxıldı - YENİLƏNDİ
Xocavənd rayonunun Düdükçü kəndi ərazisində baş verən mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Xocavənd rayonunun Düdükçü kəndi ərazisində baş verən mina partlayışı hadisəsi nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü şəxs (kişi) avqustun 21-də saat 14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Başın, boyunun və üzün sol yarısının çoxsaylı qəlpə yaraları, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!