Xəzərdə suitilərin ölümü ekoloji təhlükə yaradır: "Onlar dənizin sanitar həkimləridir"

Sosial

05.11.2025 18:48

Son dövrlərdə Xəzər dənizinin müxtəlif sahillərində, xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində suitilərin kütləvi şəkildə ölüləri tapılır. 

Ekoloq Sadiq Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, bu hadisə narahatlıq doğurur və bir neçə əsas amillə bağlı ola bilər.


Onun sözlərinə görə, suitilərin ölümünə təsir edən ən vacib faktor Xəzər dənizinin çirklənməsidir:

"Uzun illərdir Xəzər dənizində neft və qaz hasilatı aparılır. Bu proseslər zamanı dənizə müxtəlif kimyəvi maddələr, lay suları, qum və gil qatışıqları axıdılır. Onların tərkibində demək olar ki, Mendeleyev cədvəlindəki bütün elementlər mövcuddur. Nəticədə dəniz mühitinin çirklənməsi həm balıqlara, həm də suitilərə ciddi təsir edir".

Ekoloq əlavə edib ki, suitilərin azalmasının digər səbəbləri arasında qida çatışmazlığı da var:

"Suitilər əsasən kiçik balıqlarla, xüsusilə kilkələrlə qidalanırlar. 2000-ci illərdə Xəzərdə milyonlarla kilkə kütləvi şəkildə tələf olmuşdu. Bu hadisədən sonra suitilərin yem bazası xeyli zəiflədi. İri balıqların da yem mənbələri azaldığı üçün suitilər qida çatışmazlığından əziyyət çəkirlər".

Ekspert, həmçinin qeyd edib ki, suitilər bəzən kütləvi şəkildə hərəkət edərkən balıq sürüləri ilə toqquşur və bu da onların ölümünə səbəb olur. Eyni zamanda onların arasında yayılan xəstəliklər də bu prosesdə rol oynayır:

"Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan alimləri bu hadisəni elmi şəkildə araşdırırlar. Lakin suitilərin çoxu öldükdən bir neçə gün sonra tapıldığı üçün tibbi analiz aparmaq çətinləşir və dəqiq səbəbi müəyyən etmək mümkün olmur. Statistik məlumatlara görə, XX əsrin əvvəllərində Xəzər dənizində təxminən 1 milyon suiti mövcud olub. 1980-1990-cı illərdə bu say 350-400 minə, hazırda isə təxminən 100 minə qədər enib".

Ekoloq suitilərin ekosistemdəki roluna da diqqət çəkib. O bildirib ki, suitilər Xəzər dənizinin sanitar həkimləri sayılır. Onlar xəstə və zəif balıqlarla qidalanmaqla dənizdə bioloji tarazlığı qoruyurlar. Təəssüf ki, bu gün Abşeron sahillərində onların əvvəlki qədər görünməməsi ciddi siqnaldır.

Sadiq Həsənov vurğulayıb ki, suitilərin azalması təkcə bioloji deyil, ekoloji təhlükədir:

"Şirin su mənbələrinin dənizə axması da azalıb. Suitilər adətən bala vermək üçün şirin suya doğru hərəkət edirlər. Bu axınların zəifləməsi onların çoxalmasına da mənfi təsir göstərir. Xəzərin sağlamlığı suitilərin taleyi ilə sıx bağlıdır və dənizin çirklənməsi problemi aradan qaldırılmasa, növlərin itməsini dayandırmaq çətin olacaq", - deyə o, fikrini sonlandırıb.

Türkan İsgəndərli

tag: Xəzər dənizi,Qazaxıstan ,Türkmənistan ,Sadiq Həsənov ,Todaypress.tv,