İcra başçısı status yazdı: “Paylaşımımda zəhərini tökənlər...”

İcra başçısı status yazdı: “Paylaşımımda zəhərini tökənlər...”
13.09.2026 22:35 Sosial

“Bəzilərini yaxşılıq yox, başqasının yaxşılıq etməsi narahat edir”.

TodayPress TV xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu barədə “Facebook” səhifəsində paylaşım edib.

İcra başçısı bildirib ki, xeyirxah iş görüləndə və gözəl tədbir keçiriləndə bunu səmimi şəkildə paylaşan insanların yazılarının altında bəzən xoşagəlməz şərhlərə rast gəlinir.

“Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm. Deməli, yoluma davam etməliyəm”, - deyə o qeyd edib.

“30 ildən çoxdur ki, Heydər Əliyev siyasətini dəstəkləyirəm, insanları görə-görə, xarakterləri tanıya-tanıya gəlirəm. Artıq bilirəm ki, görülən yaxşı iş hamını sevindirmir”, - paylaşımda vurğulanıb.

İcra başçısı belə halların artıq yalnız sosial şəbəkədə yazılan xoşagəlməz şərhlə məhdudlaşmadığını, bunun düşüncə məsələsi olduğunu bildirib.

“Gün kimi aydındır ki, başqasının uğuruna sevinməyi, görülən xeyirxah işə qiymət verməyi, yaxşı olanı dəstəkləməyi bacarmayan insan öz düşüncəsini dəyişmədikcə heç vaxt irəli gedə bilməyəcək. Daim başqasının işində qüsur axtaran insanın öz işini və həyatını qurmağa nə vaxtı qalacaq, nə də enerjisi”.

O qeyd edib ki, cəmiyyətin inkişafı insanların bir-birinin uğuruna münasibətindən də asılıdır.

“Biz başqasını aşağı çəkməklə yüksəlmirik. Başqasının işinə kölgə salmaqla özümüz işıqlanmırıq. Əksinə, bir-birimizin uğuruna sevinməyi, yaxşı təşəbbüsləri dəstəkləməyi öyrəndikcə həm insan olaraq, həm də cəmiyyət olaraq böyüyürük. Mən isə yolumu çoxdan seçmişəm. Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Çünki bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur. Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq. Çünki sonda kimin nə danışdığı yox, kimin nə yaratdığı qalır. Ölkəni də, cəmiyyəti də irəli aparan danışanlar deyil - düşünən, çalışan, yaradan və yaxşılıq edən insanlardır”, - deyə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər