Rusiya gözünü Cənubi Qafqaza dikdi, hədələr yağdırdı…
Siyasət
07.04.2026 13:39
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Rəsmi Bakı Rusiyaya xəbərdarlıq edib.
Sual yaranır, Rusiyanın bu məsələdə məqsədi nədir?
Sözügedən məsələni politoloq Aytən Qurbanova TodayPress TV-yə şərh edib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə səsləndirilən mühüm mesajlar aydın şəkildə göstərdi ki, Ermənistandakı seçkilər və ümumilikdə regionda baş verən proseslər artıq yalnız regional münasibətlər çərçivəsində dəyərləndirilmir, həm də Qərb ilə Rusiya arasında növbəti qarşıdurma meydanına çevrilib.
"Hesab edirəm ki, seçkiöncəsi dövrdə Ermənistana maksimum təsir və təzyiq mexanizmlərindən istifadə etmək istəyən Rusiya bu istiqamətdə mövcud olan bütün imkanları məhz Azərbaycan–Ermənistan münasibətləri kontekstində tətbiq etməyə çalışır. Növbəti dəfə həm Rusiyanın rəsmi şəxslərinin ictimai çıxışlarında, həm də ümumilikdə bu mövzu ətrafında aparılan müzakirələrdə, xüsusilə Rusiya mediasında manipulyativ və provokativ xarakterli məlumatların daha geniş yayıldığını müşahidə etdik. Hətta Vladimir Putinin nitqində və ritorikasında da bu istiqamətdə mesajlar açıq şəkildə hiss olunurdu",-analitik qeyd edib.
Onun fikrincə, bu cür yanaşma Rusiya–Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa, Rusiyanın regiondakı təsir imkanlarını gücləndirəcək hər hansı real nəticə və ya effektiv mexanizm vəd etmir:
"Təbii olaraq, Azərbaycan tərəfi də bu istiqamətdə Rusiyaya xəbərdarlıq edib və hesab edirəm ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri Rusiya tərəfindən həyata keçirilən növbəti təxribat xarakterli addımdır".
Aytən Qurbanova sonda diqqətə çatdırıb ki, Azərbaycan tərəfi heç kimin ölkənin daxili işlərinə qarışa bilməyəcəyini və Azərbaycanın mövqeyi ilə bağlı qərəzli, qeyri-konstruktiv yanaşmalar sərgiləyərək fikir ifadə etməyin yolverilməz olduğunu qəti şəkildə bəyan edib.
"Lakin Ermənistandakı seçkilər ərəfəsində bu cür proseslərin davamlı xarakter alacağı ehtimalı yüksəkdir. Regiona təsir imkanlarını artırmaq və öz maraqlarına uyğun nəticə əldə etmək istəyən Rusiya Ermənistan vasitəsilə müxtəlif təsir mexanizmlərindən istifadə etməyə çalışır. Təəssüf ki, bu hallar həm Ermənistan–Rusiya, həm Azərbaycan–Rusiya münasibətlərinə, həm də regionda formalaşmış əməkdaşlıq mühitinə ciddi mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir",- politoloq fikrini yekunlaşdırıb.
Jalə Rövşən
tag: Aytən Qurbanova,Politoloq,Rusiya,Cənubi Qafqaz,Todaypress.tv,
