Yelisey çöllərində "müharibə" hazırlığı: Makron əmr verdi
Fransanın əsas milli bayramı olan 14 İyul münasibətilə keçiriləcək hərbi parad bu il ordunun döyüş gücünün nümayişinə həsr olunacaq.
TodayPress TV xəbər verir ki, "Le Figaro" nəşrinin məlumatına görə, Yelisey çöllərində keçiriləcək paradda 10 min hərbçi iştirak edəcək ki, bu da ötən illə müqayisədə 15 faiz çoxdur.
Fransa Prezidenti Emmanuel Makronun təsdiqlədiyi plana əsasən, yerüstü hərbi texnikanın və aviasiyanın sayı da 30 faiz artırılacaq.
Məlumata görə, paradın quru hissəsi real döyüş düzülüşü prinsipi ilə təşkil olunacaq. Artilleriya, mühəndis və təminat bölmələrinin nisbəti ön xətt qüvvələrinin tərkibinə uyğun şəkildə qurulacaq. Nəşr qeyd edir ki, bu görüntü sanki döyüş briqadasının birbaşa münaqişə zonasına yola düşməsinə bənzəyəcək.
Paradda nümayiş etdiriləcək texnikaların əksəriyyəti ən yeni nümunələr olacaq. Yalnız köhnə VAB zirehli transportyorları istisna təşkil edəcək.
Diqqətçəkən məqamlardan biri isə “Leclerc” tanklarının paradda iştirak etməyəcəyidir. Onların yerini pilotsuz uçuş aparatları tutacaq. Bununla belə, təhlükəsizlik səbəbindən kiçik dronların Yelisey çölləri üzərində uçuşundan imtina edilib.
Bu il ilk dəfə olaraq zirehli texnika helikopterlərlə eyni vaxtda parad marşrutu üzrə hərəkət edəcək. Məqsəd hava dəstəyinin quru əməliyyatları üçün əhəmiyyətini nümayiş etdirməkdir.
Digər yenilik isə parad uçuşlarında iştirak edəcək qırıcıların raket maketləri ilə təchiz olunmasıdır.
Paris səmasında Fransanın məşhur “Patrouille de France” pilotaj qrupu ilə yanaşı, iki “Mirage 2000” qırıcısı da uçuş həyata keçirəcək. Bu təyyarələri “Fransa-Ukrayna ekipajları” idarə edəcək.
Nəşrin yazdığına görə, bu addım Parisin Rusiya ilə qarşıdurma fonunda Kiyevlə həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır.
Qiymət Mahir