Sabah "Ermənistanın ən böyük azərbaycanlısı" İrəvanda tarixi qalibiyyəti elan edəcək - VİDEO
Uzun illərdən sonra siyasi arenada peyda olan saqqallı və rükzaklı şəxs yükünü yerə qoyub, nəfəsini dərdikdən sonra bütün Güney Qafqazın taleyini dəyişməyə başladı.
Sonralar bir çox tarixi sənədə imza atacaq sağ əlini cəllad və qaniçən Sarkisyanın toxunuşundan qoruyur, sərxoş olub ala buludlarda gəzəndə də başa düşülməyən addımlar atırdı və bir çoxları onun məntiqini oxumaqda əziyyət çəkirdi.
Yeni bir simanın administrasiya binasına ayağının tozu ilə gəlib tər-tərli oturması fonunda ev sahibi Sarkisyanın bir tərəfini qoyub qaçması yolçunun qalib gəlməsinin ilkin təəssüratı idi.
Şübhəsiz ki, qaynar Qafqazda sivil münasibət formasını tapmaq mümkün olmur. Tarixin harasından yapışsaq, emosional xalqlar sapanddakı daş kimi hər an partlamağa hazırdırlar.
Soyuq rus psixologiyası da 200 il ərzində bu yaşayışı mental olaraq dəyişdirə bilmədi.
Nikol da bütün digər ermənilər kimi bir tərəfdən Azərbaycana bağlıdır. Babası, zurnaçı Nikol da Qazaxda oğul-uşaq toylarında, gəlingətirdilərdə az nəfəs tükətməyib.
Amma bunun azərbaycanlı olmasının hekayəsi elə o qədərdir. Belə baxanda, sırf azərbaycanlı kişidən törəyən Koçaryandan və digər qarabağlı separatçılardan daha çox azərbaycanlıdır, deyirik.
90-cı illərdə qəzetində “Qarabağı Azərbaycana qaytarmaq lazımdır” tezisi ilə çıxış edən Petrosyanın siyasi varisliyini daşısa da, sonralar özünü çox pis aparmışdı. Məşhur lift görüşündə ilk dəfə gördüyü Əliyevdən “mənə bir az vaxt verin” xahişi etməsindən sonra qəfildən cildini dəyişməsini kim bilməsə də, cənab Prezident onları tanıyan biri kimi yaxşı başa düşürdü.
Nikol artıq başqa dildə danışırdı.
Amerika erməni lobbisinin Paşinyan hakimiyyətinə “peredelka” etdiyi Tonoyan çıxıb açıq şəkildə dedi ki, yeni torpaqlar istəyirik və Yevlaxa qədər almalıyıq.
Bu fikrin arxasında Paşinyan və qeyri-rəsmi həyat yoldaşının hakimiyyətdən başgicəlləndirici həzz alması və qlobal sifarişdən qidalanması dayanırdı.
Azərbaycan xalqının gözü qarşısında Şuşada çaxır içir, sərxoş olur, yallı gedir, Anya isə Mehriban xanımı muğam dinləməyə çağırırdı.
Tarix bax belə dəyişməyə başladı:
Sonra Tovuza hücum edib Azərbaycanın həyati logistik xətlərini sıradan çıxarmağa cəhd etdilər, general Polad Həşimov şəhid oldu. Azərbaycan xalqı meydanlara axışdı.
Hakimiyyət arxasında böyük xalq gücü ilə 27 sentyabr günü qalibiyyət dastanını yazmağa başladı.
Qalib Prezident, qalib xalq tandemi işini gördü.
Nikol əlini sarğıdan çıxartdı, donuz da darıdan döyülə-döyülə çıxdı və proses bitdi.
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək.
Nə dövr o dövrdür, nə də Paşinyan o adamdır.
Belə, bir az da sevdiyimiz profilə çevrilib.
Seçkidə qalib gəlməsini və sülh müqaviləsinə imza atmasını arzu edirik.
Ondan sonra yallı getməyə haqqı var!
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı