Erməni xalqı sabah Rusiya ilə 300 illik nikaha son qoyur - Sorğular göstərir
Ermənistanda keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların əksəriyyəti iyunun 7-də baş tutacaq parlament seçkilərinin azad və ədalətli keçiriləcəyinə inanır.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Sorğu Araşdırmaları Mərkəzinin apardığı sorğuya əsasən, respondentlərin 71 faizi seçkilərin azad və ədalətli olacağını düşünür. Onlardan 34 faizi seçkilərin “mütləq”, 37 faizi isə “ehtimal ki” azad və ədalətli keçiriləcəyini bildirib.
IRI-nin Avropa və Avrasiya üzrə baş direktoru Stefan Niks bildirib ki, əldə olunan nəticələr erməni seçicilərin seçki prosesinə inamla yanaşdığını göstərir. Onun sözlərinə görə, vətəndaşlar 7 iyun seçkilərində səs verməyə maraq göstərirlər.
Sorğu, həmçinin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə dair müsbət mövqenin davam etdiyini ortaya qoyub. Respondentlərin təxminən 75 faizi ölkənin Aİ-yə mümkün üzvlüyünü dəstəkləyib. Onlardan 38 faizi üzvlüyü qəti şəkildə, 37 faizi isə qismən dəstəklədiyini bildirib.
Araşdırmaya görə, ölkənin ümumi inkişaf istiqaməti ilə bağlı ictimai əhval-ruhiyyə də yaxşılaşıb. Respondentlərin 61 faizi Ermənistanın düzgün istiqamətdə irəlilədiyini düşünür ki, bu göstərici 2026-cı ilin fevral ayı ilə müqayisədə artım nümayiş etdirib.
Sorğunun nəticələri göstərir ki, Ermənistanda seçki prosesinə etimad yüksək olaraq qalır və vətəndaşların böyük hissəsi ölkənin Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.
Xanım Musayeva