Yuxu çatışmazlığı qaçışçılarda zədə riskini iki dəfə artırır

Sağlamlıq

11.11.2025 20:58

Niderlandın Eindhoven Texniki Universitetinin idman və əməyin psixologiyası üzrə professoru Yan de Yonqenin apardığı tədqiqat göstərib ki, keyfiyyətsiz yuxu qaçışçılarda zədələnmə riskini demək olar ki, iki dəfə artırır.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Applied Sciences” jurnalında dərc olunub.

Araşdırmada 425 həvəskar qaçışçı iştirak edib. Alimlər onların yuxunun uzunluğunu, keyfiyyətini və gecə oyanma tezliyini qiymətləndiriblər. Nəticələrə görə, az və keyfiyyətsiz yatan iştirakçılar sağlam yuxuya malik qaçışçılara nisbətən demək olar ki, iki dəfə çox zədə alıblar. Ən çox risk altında isə yuxuya getməkdə çətinlik çəkən və ya gecə tez-tez oyananlar olub.

Alimlərin sözlərinə görə, yuxu zamanı orqanizm toxumaları bərpa edir, hormon balansını tənzimləyir və diqqət konsentrasiyasını saxlayır. Yuxusuzluq bu prosesləri pozaraq bədənin yüklənməyə adaptasiya qabiliyyətini azaldır.

Tədqiqat müəllifləri vurğulayıblar ki, yuxu sadəcə istirahət vasitəsi deyil, zədələrin qarşısını alan mühüm amildir. İdmançılara və həvəskar qaçışçılara gündə 7–9 saat yatmaq, yuxu rejiminə riayət etmək, kofeindən və parlaq ekranlardan uzaq durmaq, eləcə də sərin və sakit yataq şəraiti yaratmaq tövsiyə olunur.

Qiymət Mahir

tag: Yuxu,İdman,Qaçış,İdmançı,Todaypress.tv,