Yeni virus deyil, təhlükə realdır: A(H3N2) nə qədər risklidir?

Sağlamlıq

17.12.2025 17:47

Son günlər dünyada yayılan yeni virus xəbərləri Azərbaycanda da narahatlıq doğurub. Ölkədə həm böyüklər, həm də uşaqlar arasında ürəkbulanma, qızdırma, qarın ağrısı və halsızlıq kimi əlamətlərlə müşayət olunan xəstəlik halları müşahidə edilir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, sözügedən virus əslində yeni deyil və “Honkonq qripi” kimi tanınan A(H3N2) virusudur.


Professorun sözlərinə görə, bu virus soyuqdəymə xəstəlikləri qrupuna aiddir, lakin ağırlaşmaya meyllidir:

"Bir çox ölkədə yayılan virus yeni deyil. Bu, yuxarı tənəffüs yollarının iltihabı ilə başlayır. Burun tutulması, boğaz ağrısı, hərarət, titrəmə müşahidə olunur və proses getdikcə ağırlaşa bilər. Xəstəlik ağciyərlərin pnevmoniyasına, tənəffüs çatışmazlığına və hətta ölümə səbəb ola bilər. Gedişi kifayət qədər ağırdır".

Həkim əlavə edib ki, hazırda xüsusilə uşaqlar arasında bu infeksiyanın geniş yayılması Azərbaycanda da virusun mövcud olması ehtimalını artırır:

"Bir çox ölkələrin Azərbaycan və ümumilikdə dünya ilə sıx ticarət əlaqələri var. İnfeksiyalar da çox zaman bu yollarla yayılır. Hazırda rəsmi təsdiq olmasa da, klinik gedişə əsasən belə bir ehtimal irəli sürmək olar".

Professor pandemiya dövründə insanların karantin qaydalarına etinasız yanaşmasının yoluxma hallarını artırdığını xatırladaraq, bu təcrübədən dərs çıxarmağın vacibliyini vurğulayıb:

"İnsanlar karantin və qoruyucu qaydalara əməl etməlidir. Təəssüf ki, cəmiyyətimiz buna bəzən laqeyd yanaşır. Yoluxma zamanı həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz. Xəstələr yataq rejiminə riayət etməli, bol maye qəbul etməli və intoksikasiyanın qarşısını almağa çalışmalıdırlar", - deyə Adil Qeybulla bildirib.

Qeyd edək ki, A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb

Türkan İsgəndərli

TodayPress TV

tag: Honkonq qripi, A(H3N2),Virus,Xəstəlik,Todaypress.tv,