Skandinaviya pəhrizi qaraciyərdə yağ yığılmasını azaldır
Sağlamlıq
18.12.2025 19:30
Uppsala Universitetinin alimləri Skandinaviya (Nordic) pəhrizinin qaraciyərdə yağ yığılmasını azaltdığını və qan şəkərinə nəzarəti yaxşılaşdırdığını müəyyən ediblər.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Araşdırmada 2-ci tip diabet və prediabeti olan 150 nəfər iştirak edib. Onlar üç fərqli pəhriz üzrə qruplara bölünüb. Tam taxıl, tərəvəz, giləmeyvə, balıq və kanola yağına əsaslanan, doymuş yağ miqdarı az olan Nordic pəhrizi ən yaxşı nəticə göstərib.
Bir il ərzində bu pəhrizə əməl edən iştirakçıların qaraciyərində yağ miqdarı 20 faizdən çox azalıb, qan qlükoza səviyyəsi isə yaxşılaşıb. Könüllülərin yarıdan çoxunda alkoqolsuz yağlı qaraciyər xəstəliyinin əlamətləri tamamilə aradan qalxıb.
Alimlər bildiriblər ki, əldə olunan müsbət nəticələr yalnız çəki itkisi ilə bağlı deyil, dəyişikliklərin əhəmiyyətli hissəsi birbaşa qida tərkibi ilə əlaqəlidir. Pəhriz kalori məhdudiyyəti tələb etmədiyi üçün iştirakçılar onu nisbətən asanlıqla tətbiq ediblər.
Jalə Rövşən
tag: Qaraciyər,Pəhriz ,Skandinaviya,Yağ,Todaypress.tv,
