“Ozempik” xərçənglə mübarizədə yeni ümid yaradır

Sağlamlıq

12.11.2025 19:00

Kaliforniya Universitetinin (San Dieqo) alimləri müəyyən ediblər ki, arıqlama üçün istifadə olunan GLP-1 reseptor agonistləri – xüsusilə "Ozempik" tipli preparatlar yoğun bağırsaq xərçəngi xəstələrində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Investigation" jurnalında dərc olunub.

Alimlər 6,8 mindən çox pasiyentin tibbi tarixini təhlil ediblər və onların xərçəng müalicəsi dövründə hansı dərmanlardan istifadə etdiklərini izləyiblər.

Beş illik müşahidə nəticəsində məlum olub ki, GLP-1 preparatları qəbul edən xəstələrdə ölüm göstəricisi 15,5 faiz, bu dərmanları qəbul etməyən nəzarət qrupunda isə 37,1 faiz təşkil edib. Effekt yaş, bədən kütlə indeksi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alındıqdan sonra belə qalmaqda davam edib — bu isə dərmanların müstəqil qoruyucu təsirinə işarə edir.

Ən güclü nəticə piylənmədən əziyyət çəkən xəstələrdə müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, bu preparatlar iltihabi və maddələr mübadiləsi pozuntularını kompensasiya etməklə xərçəngin gedişatını yüngülləşdirə bilər.

Alimlərin fikrincə, GLP-1 agonistləri yalnız qanda şəkəri və bədən çəkisini tənzimləmir, həm də iltihabı azaldır, insulinə həssaslığı artırır və bəlkə də birbaşa şiş hüceyrələrinin artımını ləngidir. Bununla belə, mütəxəssislər bu nəticələrin daha geniş klinik sınaqlarla təsdiqlənməsinin vacibliyini vurğulayıblar.

Qiymət Mahir

tag: Ozempik,Alim,Xərçəng,Araşdırma,Todaypress.tv,