Hərəkətsizlik və stress - Müasir həyatın gizli təhlükələri
Sağlamlıq
17.12.2025 17:53
"Müasir həyat tərzinin yaratdığı rahatlıq insanların getdikcə daha az hərəkət etməsinə səbəb olur ki, bu da müxtəlif sağlamlıq problemlərinin yaranmasına zəmin yaradır".
TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirib.
Onun sözlərinə görə, hərəkətsiz həyat tərzinin mənfi təsirlərini aradan qaldırmağın ən effektiv yolu müntəzəm fiziki aktivlik və idmandır. Lakin təəssüf ki, bir çox insanlar buna lazımi diqqət yetirmir:
"Bu rahatlıq isə tədricən hərəkətsiz həyat tərzinə gətirib çıxarır və nəticədə müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır. Sağlam həyat tərzi üçün vacib olan vərdişlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Xüsusilə erkən yaşlardan sağlam yaşam prinsiplərinə başlamağın böyük əhəmiyyəti var. Yaş artdıqca yeni vərdişlərə alışmaq çətinləşir. Buna görə də sağlam həyat tərzinə erkən yaşlardan başlamaq olduqca önəmlidir".
Həkim əlavə edib ki, stress orqanizmin təhlükəyə qarşı verdiyi təbii reaksiya olsa da, onun davamlı və həddindən artıq olması ciddi fəsadlara yol aça bilər:
"Xroniki stress ürək-damar xəstəlikləri, arterial təzyiq, şəkərli diabet və daimi yorğunluq kimi problemlərin yaranmasına səbəb ola bilər. Bəzi gənclərdə müşahidə olunan halsızlıq, tez yorulma və əzələ ağrıları da məhz xroniki xəstəliklərlə əlaqəli ola bilər. Digər ciddi problemlərdən biri isə ağrıkəsici preparatların nəzarətsiz istifadəsidir. Bu dərmanların uzunmüddətli qəbulu mədə-bağırsaq sistemi, qaraciyər və böyrəklər üçün təhlükəlidir".
Vüsalə Məmmədova qeyd edib ki, ildə ən azı bir dəfə tibbi müayinədən keçmək vacibdir. Bəzi xəstəliklər uzun müddət gizli inkişaf edə və gec mərhələdə üzə çıxa bilər.
Türkan İsgəndərli
tag: Hərəkət,Stress,Ağrıkəsici,Xroniki,Todaypress.tv,
