Hava çirkliliyi ildə 237 min uşağın ölümünə səbəb olur

Sağlamlıq

07.11.2025 19:30

Dünyada hər il 237 mindən çox uşaq havanın çirklənməsi səbəbindən həyatını itirir.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər çirkli havanın  vaxtından əvvəl doğuş, xərçəng və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola biləcəyini deyirlər.

İstanbulda Təmiz Hava Hüququ Platformasının təşkil etdiyi “Uşaqlar üçün Təmiz Hava” simpoziumunda bu problemin miqyası müzakirə olunub.

Ekspertlər qeyd ediblər ki, iki milyard uşaq çirkli hava səbəbindən astma və tənəffüs xəstəliklərindən əziyyət çəkir. Həmçinin uşaqlarda autizm, davranış pozuntuları, diabet, piylənmə, ürək-damar xəstəlikləri kimi risklərin də artdığı bildirilib.

ÜST-ün məlumatına görə, 5 yaşa qədər hər 10 uşaqdan biri hava çirkliliyi səbəbindən ölür. Araşdırmalara əsasən, hamiləlik dövründə çirkli havaya məruz qalmaq vaxtından əvvəl doğuş və körpə ölümü riskini artırır.

Simpoziumda çıxış edən mütəxəssislər hökumətlərin məsuliyyətinə diqqət çəkərək, meşə salınmasının hava çirkliliyi ilə bağlı xərçəng riskini 20 faiz azalda biləcəyini bildiriblər. Hava çirkliliyinin təkcə ölüm deyil, bir çox xəstəliklərə də yol açdığı vurğulanıb.

Uşaq nevroloqları hamiləlik və erkən uşaqlıq dövründə çirkliliyin beyin inkişafına mənfi təsir göstərdiyini, bunun icazə verilən hədlərdən aşağı səviyyədə belə müşahidə edildiyini qeyd ediblər.

Həmçinin bu təsirlərin insanın həyat boyu sinir sistemi xəstəliklərinə yol aça biləcəyi bildirilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Hava çirkliliyi,Uşaq ölümü ,Xərçəng,Todaypress.tv,