DİQQƏT: Bəzi oyuncaqlarda zərərli kimyəvi maddələr var
Sağlamlıq
27.11.2025 19:30
Avropa Parlamenti uşaqları təhlükəli kimyəvi maddələrdən qorumaq üçün yeni oyuncaq təhlükəsizliyi qaydalarını təsdiqləyib.
TodayPress TV "HaberTürk"ə istinadən xəbər verir ki, yeni qanuna görə, Avropa İttifaqında satılan oyuncaqların tərkibində endokrin pozucular, tənəffüsə zərər verən maddələr, dəriyə toksik kimyəvilər, allergiya yaradan ətirlər, PFAS və bisfenol A (BPA) kimi “əbədi kimyəvi maddələr” olmayacaq.
3 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlarda allergiya yaradan ətirlərə tam qadağa qoyulacaq. İstehsalçılar hər bir oyuncağı satışa çıxarmadan əvvəl kimyəvi, fiziki, mexaniki və elektrik təhlükələri üzrə sınaqdan keçirməlidirlər. Testlərə gigiyena, alışqanlıq və radioaktivlik yoxlamaları da daxildir.
Rəqəmsal oyuncaqların uşaqların psixi sağlamlığına zərər vurmaması da istehsalçıların məsuliyyətində olacaq. Hər oyuncaq aydın şəkildə göstərilən rəqəmsal məhsul pasportu ilə təqdim ediləcək ki, bu da nəzarəti və gömrük yoxlamalarını asanlaşdıracaq.
Onlayn platformalar da oyuncaqların təhlükəsizliyi barədə xəbərdarlıqları və məhsul pasportlarını göstərmək üçün sistemlərini uyğunlaşdırmalıdır. Qaydalara uyğun olmayan oyuncaqlar Rəqəmsal Xidmətlər Aktına əsasən “qanunsuz məzmun” hesab ediləcək.
Qeyd edək ki, yeni tələblərin tam tətbiqi üçün Aİ ölkələrinə və istehsalçılara 4,5 illik keçid müddəti verilir. Bundan sonra qaydalar rəsmi olaraq qüvvəyə minəcək.
Jalə Rövşən
tag: Oyuncaq ,Avropa Parlamenti,Qanun ,Kimyəvi maddə,Todaypress.tv,
