Alimlər açıqladı: İnsanları xəyanətə sürükləyən gizli amil nədir?

Sağlamlıq

24.11.2025 20:00

İstanbul Koç Universitetinin alimləri müəyyən ediblər ki, insanların partnyorlarını aldatmaq meyli onların uşaqlıqda gördüyü ailə münasibətləri, bağlılıq tərzi və münasibətlərindəki yaxınlıq səviyyəsi ilə bağlıdır.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, tədqiqat 18–30 yaş arası, ən azı bir ildən çox münasibətdə olan 280 nəfər üzərində aparılıb və The Family Journal-da dərc olunub.

Araşdırmaya görə, valideyn xəyanəti əsas rol oynayır. İştirakçıların yarısı valideynlərindən birinin evlilikdən kənar münasibətdə olduğunu deyib. Belə nümunəni yeniyetməlik dövründə görənlər gələcək münasibətlərdə xəyanətə daha meylli olurlar.

Şəxsi xəyanət təcrübəsi də güclü göstəricidir: əvvəllər xəyanət etmiş insanlar bunu yenidən etməyə daha hazır olduqlarını bildiriblər. Amma keçmiş partnyorun xəyanəti yeni xəyanət ehtimalını artırmayıb.

Bağlılıq tipləri də təsir edir. Emosional yaxınlıqdan qaçan şəxslər aldatmağa daha meyllidir. Əvəzində, tərk edilmə qorxusu ilə bağlı narahat bağlılıq xəyanət niyyəti ilə ciddi əlaqə göstərməyib.

Münasibətdə yüksək emosional və fiziki yaxınlıqsa xəyanət riskini azaldır. Yaxınlıq ehtiyacları ödənilən cütlüklərdə başqasından təsdiq axtarma motivasiyası olmur.

Bəzi modellərdə kişilərin xəyanət niyyəti daha yüksək görünsə də, digər faktorlar nəzərə alınanda cins fərqi zəifləyib.

Alimlər bildirirlər ki, ailədəki pis nümunələr və keçmiş səhvlər münasibətin gələcəyini müəyyən etmir. Əsas olan tərəflər arasında dürüst ünsiyyət, emosional yaxınlıq və qarşılıqlı anlayışdır.

Jalə Rövşən

TodayPress TV

tag: Xəyanət ,Tədqiqat,Cütlük,Türkiyə,Todaypress.tv,